Nazir Nikola Renzinlə görüşdü

Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki, qonaqları salamlayan Əbülfəs Qarayev ölkəmizin mədəniyyəti, həyata keçirilən beynəlxalq mədəniyyət tədbirləri haqqında məlumat verib. Qeyd edib ki, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu özünün böyük mədəni irs nümunələrini yaradıb, gələcək nəsillərinə ötürüb. Bu mədəni irs nümunələri xalqımızın tarixini təcəssüm etdirməklə yanaşı, ölkəmizə gələn xarici qonaqların da diqqətini cəlb edir.

Əbülfəs Qarayev Avropa İttifaqının Tvinninq layihəsindən söz açıb. Bildirib ki, layihənin məqsədi diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin müvafiq təcrübə nümunələrini uyğunlaşdırmaqla mədəniyyət sektorunda daha strateji idarəetmə modeli yaratmaqdır.

Qonaq Azərbaycanla mədəni əlaqələrin, o cümlədən Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal işləməyə çalışacaqlarını bildirib.


 

Elgün