Nazir pensiyaların nə qədər artdığını açıqladı

Bu ilin yanvarın 1-dən yaşa görə orta aylıq pensiya 233 manat 68 qəpikdən 5,7 faiz artaraq 247 manata yüksəlib.

XALQ.AZ -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, həmin qaydaya uyğun olaraq əlliliyə görə orta aylıq pensiya 175 manatdan 185, ailə başçısını itirməyə görə 164 manatdan 173,3 manata çatdırılıb: “Pensiya təminatı barədə ölkə Prezidentinin son Sərəncamından sonra pensiyaların minimum məbləği 208,36 manatdan 220,23 manata yüksəlib”.

Nazir bildirib ki, fevral ayının pensiyalarının ödənişi yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcək. Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək.

Nazir vurğulayıb ki, Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq: “Sığorta-pensiya sistemi elektron infrastruktur üzərində fəaliyyət göstərir və hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçiriləcəkdir. Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılır. Ümumiyyətlə, cənab Prezidentin ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinəxidmət edən bu Sərəncamından irəli gələn vəzifələrin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam təmin ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.