Nazir qəbul keçirdi

ramin_guluzade_

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da İmişlidəki Heydər Əliyev Mərkəzində İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın və Xocavənd rayonlarının sakinləri ilə görüşüb.

XALQ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Ramin Quluzadə və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül-çiçək qoyub, xatirəsini ehtiramla yad ediblər.

Sonra nazir Ramin Quluzadə nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, işə qəbul və digər məsələlərlə bağlı olub. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinə fərdi yanaşılması barədə tapşırıqlar verib.