Nazir Gürcüstanda-Fotolar-Yenilənir

zakir hesenovv

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov sabah Gürcüstana səfər edəcək.

XALQ.AZ məlumat verir ki, iki gün davam edəcək səfər çərçivəsində Zakir Həsənov Gürcüstanın Müdafiə Naziri Levan İzoria və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək. Bu görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

 

****

Oktyabrın 16-da Gürcüstana səfərə gələn Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev adına Parkı ziyarət edib.

XALQ.AZ məlumat verir ki,  nümayəndə heyəti xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad edib.

 

*****

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb. XALQ.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə Müdafiə Nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər. Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

 

 

*****

 

Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.

XALQ.AZ Müdafiə Naziriyinə istinadən xəbər verir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.

 

 

Scroll to top