Nazir taşırıqlar verdi

“2018-ci ildə Ədliyyə Nazirliyi tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına dair 550-dək normativ hüquqi akt layihəsi hazırlanıb. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 960-dan çox belə akt hüquqi ekspertizadan keçirilib. Əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına (e-qanun.az, huquqiaktlar.gov.az) müraciət edənlərin sayı 70 faizdən çox artaraq 627 minə çatıb”

XALQ.AZ xəbər verir ki,  xəbər verir ki, bu fikirlər bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülən işlərə həsr olunan kollegiya iclasında bildirilib.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 6500-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

 

Notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib və bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz çoxdur.

 

Eyni zamanda, notariat kontorlarını vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli asanlaşdırmaqla vətəndaşlara daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini təmin edir. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq, bir çox dövlətlər, o cümlədən cari ildə rusiyalı notariuslar müsbət təcrübəmizdən bəhrələniblər.

 

Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində ədliyyə sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin təxminən 43 faizi bu mərkəzlərdə fəaliyyət göstərən qeydiyyat və notariat orqanlarının payına düşür.

 

Yüksək vətəndaş məmnunluğu doğuran “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi nəzərə alınaraq həmin mərkəzlərdə təşkil ediləcək notariat kontorlarında, habelə bölgələrdə vakant notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə avqustun 1-dən etibarən sənədlərin qəbuluna başlanılacaq.

 

Qeyd edilib ki, ölkə başçısının tapşırıqlarına əsasən korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətləri təkmilləşdirilərək onlardan istifadənin sayı 11 faiz artaraq 2,4 milyona çatıb.

 

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4300-ə yaxındır, KİV-lərin sayı isə 5200-dən çoxdur.

 

2018-ci ilin birinci yarısında nazirliyin məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 15200-dən çox iş icra olunub, ekspertlər 618 mindən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,8 faizini həll ediblər.

 

 

Kollegiyada bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb, cari ildə 336 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 226 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır.

 

Ədliyyə Akademiyasında 2800-ə yaxın ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-ə yaxın aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

 

Yarımildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Türkiyə, Əlcəzair və Serbiyanın ədliyyə nazirləri, habelə nümayəndə heyətimiz Avstriya və Latviyaya səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub, faydalı təcrübə mübadiləsi aparılıb, müvafiq sənədlər razılaşdırılıb, o cümlədən Əlcəzair ilə ilk dövlətlərarası müqavilə, Serbiya ilə ədliyyə sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 9500-dən çox sorğunun icrası üzrə tədbirlər görülüb.

 

İclasda dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər qeyd olunub. Bildirilib ki, Sərəncamın icrası ilə bağlı ötən ilin sonunda cinayət qanunvericiliyinə edilmiş əsaslı dəyişikliklərə uyğun olaraq 6500 şəxs barədə sənədlərə məhkəmələrdə baxılıb və məhkumların bir çoxunun cəza müddəti azaldılıb, yaxud cəzası daha yüngül cəza ilə əvəz edilib, 1550 məhkum isə cəzalardan azad olunub. Eyni zamanda, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb, məhkumların faydalı əməklə məşğul olmaları üçün zəruri şərait yaradılıb.

 

Bununla yanaşı, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə yaradılmış Probasiya xidmətinin fəaliyyəti təmin edilib, məhkumlar üzərində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə elektron monitorinq xidməti istifadəyə verilib.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.