Nazirlər Kabinetinin iclası keçirildi

Azərbaycan baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Yol Xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi və 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişinin müzakirəsi ilə bağlı iki məsələ daxil edilib.

Birinci məsələyə dair məruzə ilə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, nazirlik Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına” dair Strateji Yol xəritələrinin isə əlaqələndiricisi müəyyən olunub.

Gündəlikdəki ikinci məsələyə dair Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun məruzəsi dinlənilib.

Gündəlikdə duran məsələlər üzrə müvafiq qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər iki mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzərə alınmaqla iclasın qərarı qəbul edilib.

Qərarda göstərilir ki, aidiyyəti qurumlar Strateji Yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər və nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, keyfiyyətlə icrasının daha da sürətləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirsinlər.

Şəhər və rayon icra hakimiyyətləri əhalinin siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.