Nazirlik akt tərtib etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
XALQ.AZ xəbər verir ki, araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 ha torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, köküstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib. Təbiətə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

Orxan