Nazirliklə Agentlik arasında memorandum imzalandı

Kənd Təsərrüfatı Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

 

XALQ.AZ xəbər verir ki, imzalanma mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla da kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub.

 

Nazir ölkədə qida təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bu prosesdə iştirak edən dövlət qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsi aparılmasının vacib olduğunu deyib. İnam Kərimov qeyd edib ki, Anlaşma Memorandumu çərçivəsində hər iki qurum insan sağlamlığının qorunmasında kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunmasını, qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.

 

Daha sonra çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi kənd təsərrüfatının inkişafı ilə yanaşı qida təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını da genişləndirməkdədir. AQTA sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı və qida sahəsi üzrə həyata keçirilən tədbirlər daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətili və təhlükəsiz qida məhsullarının istehsalına köməklik göstərəcəkdir.

Çıxışlardan sonra kənd təsərrüfatı naziri İnam Kərimovla Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliqida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. İmzalanma mərasimindən sonra İnam Kərimov və Qoşqar Təhməzli media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida zəncirinin bütün mərhələlərində mütəxəssislərinin iştirakı ilə sanitar, baytarlıq və fitosanitar norma və qaydaların təhlilinin aparılmasına, nəticələrin ümumiləşdirilərək bu sahədə qüvvədə olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair birgə təkliflər hazırlayacaq, qida zənciri boyu bütün potensial təhlükələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirəcəklər.

 

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi böhran vəziyyətlərində qida təhlükəsizliyinin çevik qiymətləndirilməsi,  idarə edilməsi və xəbərdarlıq prosedurlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayacaq, risklər barədə maraqlı tərəflərin (aidiyyətı dövlət orqanlarının, sahibkarlıq subyektlərinin və əhalinin) məlumatlandırılması formalarını müəyyən edəcəklər.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.