“Neftçi” – “Çixura” oyunundan əvvəl qalmaqal

Neftci

Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq “Çixura”nın baş məşqçisi Samson Fruidze Bakıda keçirdiyi mətbuat konfransında tərcüməçi tələb edib.

XALQ.AZ-ın məlumatına görə, əks halda o, heç bir açıqlama verməyəcəyini bəyan edib. Buna səbəb onun rus dilində danışmaq istəməməsidir. Ona görə də Azərbaycan və gürcü dillərini bilən tərcüməçinin vacibliyini diqqətə çatdırıb. “Neftçi” tərəfi isə gürcülərin öncədən onların qarşısında belə bir tələb qoymadığını bildirib. Nəticədə Pruidzenin mətbuat konfransı baş tutmayıb.

Daha sonra o, jurnalistlərin suallarını rus dilində ayaqüstü cavablandırıb: “Mən “Neftçi”ni yaxşı tanıyıram. Buna görə də Azərbaycanda işləyən gürcü futbolçu və məşqçilərdən bu komanda barədə heç nə soruşmamışam. İtirəcəyimiz bir şey yoxdur. Çıxıb mübarizə aparacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım inamlı danışırlarsa, bu, yaxşıdır. Uğur qazanmaq üçün yetərli gücümüz var. Bizim öz oyun üslubumuz var və onu tətbiq etməyə çalışacağıq. “Neftçi” bu oyunun favoritidir. Lakin çıxıb öz oyunumuzu ortaya qoyacağıq. Bakıda bizi heç-heçə də qane edəcək. Stadionun sabah tam dolması məni qorxutmur. Buna alışmışıq”.