Neftçinin futbolçusu məhkəmədə həbs olundu

 

Tanınmış futbolçu məhkəməz zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, M.Əhmədov 8 il müddətə müddətə azadlıqdan məhrum edilib. Tanınmış futbolçu məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, dövlət ittihamçısı M.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Onu da qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

2015-ci ilin dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin apelyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib.Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən ilin avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. (virtualaz.org)