Nicat Müslümov “20 Yanvar biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir”

nicat

GHK eks-prezidenti Nicat Müslümov  “20 Yanvar biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir” :Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirir. Elə müsahibimiz də ictimai-siyasi fəal gənclərdən biri, ” Gənc Heydərçilər Klubu ”-nun eks-prezidentI Nicat Müslümovdur. -Gənclərimiz Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə nə dərəcədə bağlıdırlar? -Gənclərimizin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda davamlı inkişafı, cəmiyyətin ictimai-siyasi həyatında intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrdə öz aktuallığı ilə diqqət çəkən və dövlətimizin xüsusi qayğısını tələb edən prioritet məsələlərdəndir. – 20 Yanvar hadisəsi xalqımız üçün nə dərəcədə qəhrəmanlıq nümunəsidir? – Sovet imperiya başçıları 1990-cı ildə xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyə doğru gedən yolunu bağlamaq üçün müdhiş bir qırğın planı hazırlamışdılar. M.Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi SSRİ-nin dağılmasının qarşısını almaq, azadlığını tələb edən başqa xalqlara da “dərs vermək” üçün bütün SSRİ ərazisində azadlıq hərəkatının ən güclü mərkəzi olan Bakını qan içində boğmaq qərarına gəlmişdi. “Hər kəs qəlbindən pay biçər” deyiblər babalarımız. Doğru deyiblər. Cəlladlar bizim şəhidlik şərəfimizdən xəbərdar deyildilər. Əliyalın, lakin sinəsində Azərbaycan sevgisi yaşayan yüzlərlə oğul və qızlarımız- 13 yaşlı İlqardan tutmuş, 73 yaşlı Vəfadar kişiyə kimi neçə-neçə insanımız şəhid oldu. Həmin gün düşmən gülləsinə tuş olan İlhamla bu ölümü qəbul etməyib özünə qəsd edən Fərizənin dastanı dillərə düşüb. Ulu öndər Heydər Əliyev deyib ki, 20 Yanvar hadisəsinə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi baxılmalıdır. Bu baxımdan, 20 Yanvar günü biz gənclər və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir. Həmin günü insanlar əliyalın silahlı qüvvələrin qarşısına çıxıb və qan su yerinə axıdılıb. Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının azadlıq hərəkatını boğa bilmədi. Azərbaycan xalqı bu böyük faciədən ibrət dərsi aldı, daha da sıx birləşdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. – Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir? – Vətənpərvərlik sözdə yox, əməldə olmalıdır. İnsanlar təkcə nəsil baxımından deyil, həm də vətənpərvərlik baxımından doğma olurlar. Azərbaycanın yeraltı sərvətləri bəllidir. Ölkəmizin yerüstü sərvətləri isə vətənpərvər insanlardır. Azərbaycan xalqının ən böyük sərvəti onun uğrunda canından keçən qəhrəman döyüşçüləridir. Bu, ona görədir ki, Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib. Elə buna görə də, Azərbaycan gənci cəmiyyətimizə öz töhfəsini daha çox bu ruhda ortaya qoyur. Bu gün Azərbaycan gənci birləşməyi bacarmaq əzmindədir. -Azərbaycan gənci vətənpərvərlik baxımından cəmiyyətimizə öz töhfəsini verə bilirmi? – Vətənpərvərlik ruhu həm də genetik daşıyıcısı olduğumuz soy-kökümüzdən bəhrələnir. Azərbaycançılıq məfkurəsi, vətən-torpaq sevgisi gənclərin ideyalarının, arzularının qayəsini təşkil edir. Bu düşüncə və duyğunun sözlə ifadəsi bəzən çətin ola bilər. Amma hər bir Azərbaycan gəncinin ruhunda vətənə, torpağa sevgi sonsuzdur. Sözlə ifadəsi çətin olan hisslər çox vaxt daha qabarıq təzahür edir. Daha güclü rezonans effekti əks etdirir. Mübariz İbrahimov kimi! Bu gün Azərbaycan gənclərinin qəlbində eyni düşüncə mövcuddur – Azərbaycan sevgisi. Gənclərimizin beynində vətənpərvər ideyalar kök salıb. Müxtəlif sferalarda fəaliyyət göstərən, inkişafda olan gənclərimiz yüksək amallarla yaşayır. Onların prinsip və arzuları vətənpərvərlik ruhumuzdan bəhrələnir. Ordu, hərbi-müdafiə sahəsində və bütün sahələrdə vətənpərvər ruhla çalışan gənclərimiz fərəh doğurur. Elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi yöndə fəaliyyət göstərən gənclərimizlə fəxr edirik. Bu gün həmin işlər ölkəmizin hüdudlarından kənarda eyni ahənglə aparılır. Bu yöndə gənclərimizin rolu xüsusilə təqdirəlayiqdir. Milli-mənəvi dəyərlərin təbliğində gənclərimizin ciddi səyi yüksək qiymətləndirilir. Gənclərimiz dünyanın əhəmiyyətli ölkələrində müxtəlif təşkilat, birlik, qurumlar yaradır. Layiqincə təmsilçilik missiyası həyata keçirirlər. Belə fəaliyyət çox vaxt şəxsi təşəbbüs və öhdəlikdən qaynaqlanır. Bu ideyaların müəllifləri məhz gənclərimizdir. Diqqət çəkən, önəm verməli olduğumuz məqamlar çoxdur. Milli şüurun, vətənpərvərlik ruhunun artırılması yönündə atılan bütün addımlar mütləq qeyd olunmalıdır. Son 20 ildəki tarixi reallıqlar müasir gənclərin düşüncəsində xüsusi yer tutur. Bu gün gənclərimizin yüksək vətənpərvərlik ruhunu əks etdirən dəyərlər hamımızı sevindirir. Təlim-tərbiyə, təhsil, əxlaq, vətənpərvərlik ruhunun yüksəlişi son dərəcə vacibdir. Odur ki, hər birimiz bu istiqamətdə davamlı və ardıcıl işlər görməliyik. – Gənclərdə milli-mənəvi dəyərlərə, vətənə sevgi olması üçün hansı tədbirlər görülməlidir? -Birliyimizin təşkil etdiyi tədbirlərin mövzusundan asılı olmayaraq, vətənpərvərliklə bağlı müzakirələrimiz olur. Çünki vətənpərvərlik hər bir işdə əsas olmalıdır. Bu gün insanların vətənpərvərlik anlayışının düzgün formalaşması əsas məqsədlərdən biri olmalıdır. Qeyd etdiyim kimi sıralamanı düzgün aparmaq lazımdır. Öncə elm, təhsil sahəsində işimizi möhkəmləndirməliyik. Çünki biz vətən sevgisini əsasən siniflərdə, dərs sıralarında öyrənirik. Amma məktəbə qədər bu mövzuda elə də çox məlumatlandırılmırıq. Bu dövrə qədər olan zaman kəsiyi qısa olsa da çox önəmlidir. Valideyn düşünməməlidir ki, övladı hər şeyi məktəbdə öyrənməlidir. Uşaq məktəbdə elmə, biliyə yiyələnə bilər, amma vətənpərvərlik hissi ona anadan olduğu gündən aşılanmalıdır. Biz bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmalıyıq. Əgər uşaq dünyaya göz açanda bir qulağına azan, digərinə iqamə deyilirsə, təkrar-təkrar “Vətən” sözü də deyilməlidir. Sevindirici haldır ki, bu gün övladlarını milli, vətənpərvər ruhda tərbiyə edən ailələrimiz çoxdur. Artıq Azərbaycan elə dövrünü yaşayır ki, hər şey müsbətə doğru irəliləyir, mənfi hallar azalır. Bizə aid olan neqativ hallardan danışan zaman unutmayaq ki, bizim dostlarımızla bərabər düşmənlərimiz də var. Buna görə də hər bir mövzuda faktlara əsaslanaraq danışmaq düzgün olar. Bir məsələ həll olunacaqsa, bir problem çözüləcəksə bunu öz sərhədlərimiz daxilində həll edək. Hər kəsə bəlli olsun ki, bu torpağın hər qarışı toxunulmazdır, müqəddəsdir. -Vətənpərvərliyin artırılmasında azərbaycançılıq ideologiyası, milli adət-ənənələrimizin hansı rolu var? – Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması vacibdir. Təməl prinsipləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq ideologiyası, eyni zamanda, xalqımızın milli-mənəvi dəyəri olmaqla yanaşı, gəncləri müasir dövrdə mənfi stereotiplərdən qorumağın mühüm vasitəsidir. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyimizin istinad yeridir. Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin xüsusi yeri və rolu var. Adət-ənənələrimiz qlobal submədəniyyətlərlə inteqrasiya və milli dəyərlərimizin qorunması fonunda yeniləşən meyillərin müqayisəsi baxımından gənclərə öyrədilməlidir. Azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyalar toplusudur. Azərbaycançılıq ideologiyası milli həmrəylik mənbəyidir. Müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. İqtisadi və siyasi sistemin dəyişdiyi, yeni ideologiyaların və dünyagörüşünün təşəkkül tapdığı, qloballaşmanın və ona qarşı mübarizənin genişləndiyi bir şəraitdə gənclərin şüur və düşüncə tərzində, hadisələri və prosesləri dəyərləndirmə meyarında, mədəniyyətə və ümumiyyətlə, həyata baxışında yeni meyillərin formalaşması müşahidə olunur. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Bu ideologiyanın bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır.