Novruz Məmmədov yeni sənəd imzaladı

Azərbaycan Nazirlər Kabineti “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası”nı təsdiqləyib.

 

XALQ.AZ xəbərinə görə, sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını tənzimləyir.

Yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır:

  1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması,

  2. yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi,

  3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması,

  4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.

Yaşıllıqların uçotu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aşağıdakı ardıcıllıqla aparılır:

  1. yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir,

  2. çöl tədqiqat işləri nəticəsində yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə – torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir,

Yaşıllıqların bioloji, sanitariya-gigiyena və fitosanitar vəziyyəti 3 ballıq şkalaya uyğun qiymətləndirilir:

  1. yaxşı – yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, ağacların gövdələri düzdür, kökdən tumurcuqlanması (çiçəklənməsi) müşahidə olunmur, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə dərəcəsi aşağıdır, habelə zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağaclar yoxdur,

  2. kafi – yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, lakin lazımi aqrotexniki qulluq göstərilmədiyinə görə ağacların gövdələri əyridir, xəstəliklər və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri müşahidə olunur,

  3. qeyri-kafi – yaşıllıqların növlərinə və cinslərinə görə deqradasiyası aşkar şəkildə müşahidə olunur, aqrotexniki norma və qaydalara riayət edilmir, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri yüksəkdir, ciddi zədələnmə mövcuddur (meteoroloji, mexaniki, kimyəvi və digər səbəblər göstərilməklə),

  4. çöl-tədqiqat və ya kameral şəraitdə yaşıllıq ərazilərinin sərhədləri daxilində olan bütün konturların (çevrələrin) daxilindəki topoqrafik elementlər (yaşayış və infrastruktur obyektləri, su hövzələri, stasionar avadanlıqlar və s.), kolluqlar, daşlıqlar, qumsallıqlar, bataqlıqlar və sair yaşıllıq əraziləri istifadə edilib-edilməməsindən asılı olmayaraq yaşıllıqların kadastrının məlumat bazasına daxil edilməsi üçün ortofotoplanlar üzərinə köçürülür və müvafiq miqyaslara uyğun laylar üzrə şərti işarələrlə göstərilir;

  5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kollar uçot məlumatlarında (plan, xəritə, sxemlərdə) xüsusi işarələrlə (rəng fərqi ilə) qeydə alınır,

  6. çöl-tədqiqat və ya kameral şəraitdə işlər yekunlaşdıqdan sonra ortofotoplanlarda müəyyən edilmiş konturlar yaşıllıqların kadastrının məlumat bazasına köçürülür, sahələr müvafiq proqram təminatı vasitəsilə hesablanır və ərazilər üzrə yekun yaşıllıq eksplikasiyası tərtib edilir,

  7. çöl-tədqiqat və ya kameral şəraitdə işlənmiş materiallara əsasən yaşıllıqların kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq, yaşıllıqlar üzrə 1:5000, 1:10000, 1:25000 miqyaslarında, zərurət yarandıqda isə daha irimiqyaslı rəqəmsal xəritələr, planlar və sxemlər tərtib olunur, ehtiyac olduqda çap edilir.

İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar aşağıdakı növlər üzrə tərtib edilir:

  1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar),

  2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar),

  3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır.

Uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış yaşıllıqların təyinatının və ya yerləşdiyi ərazilərin hüquqi statusunun dəyişdirilməsi, texnogen və ya təbii xarakterli fövqəladə halların (ekoloji fəlakət) baş verməsi, yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri tərəfindən qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi hallarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə bu yaşıllıqların planlaşdırılmamış uçotu aparılır və nəticələri barədə həmin Nazirliyə dərhal məlumat verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələrin, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının uçot hesabatları, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, habelə yaşıllıqların mühafizəsinə dövlət və ictimai nəzarət formalarında aparılmış işlərin nəticələri, mövcud geodeziya, topoqrafiya və kartoqrafiya məlumatları, elmi tədqiqat araşdırmaları yaşıllıqların kadastrının məlumat bazasına daxil olunur və yaşıllıqların kadastrının formalaşdırılması üçün Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə kadastr sənədləri sistemi tətbiq edilir.

Yaşıllıqların monitorinqinın aparılmasının məqsədi hər hansı bir yaşıllıq obyektində təbii proseslərin gedişini izləmək, bu sahədə çoxməqsədli informasiyanı toplamaq, yaşıllıqlarda baş verən dəyişiklikləri vaxtında aşkar etmək, onların vəziyyətini və dinamikasını qiymətləndirmək və proqnozlaşdırmaq, onlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir.

Əhatə dairəsinə görə monitorinq lokal (məhdud (məhəlli) sahədə), regional və qlobal-biosfer sahələrə bölünür.

Təyinatına görə yaşıllıqların monitorinqi baza, yaxud fon, impakt, regional və sürətli lokal təsir dairələrinə bölünür.

Yaşıllıqların monitorinqi ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, bütövlükdə biosfer monitorinqin tərkib hissəsi kimi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə aparılır və aşağıdakıları nəzərdə tutur:

  1. yaşıllıqların üzərində müntəzəm müşahidələr, torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji, geodeziya, kartoqrafiya, digər çöl və laboratoriya tədqiqatları, habelə kosmik və aerofoto çəkiliş materialları əsasında yaşıllıqların təhlükəli kimyəvi maddələrlə zədələnməsi vəziyyətini, ölçülərinin və digər kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsini öyrənir,

  2. yaşıllıq ərazilərinin torpaqlarının münbitliyinin (humusun) itirilməsi, təbii və antropogen təsirlər nəticəsində müxtəlif dərəcədə pozulmuş bu torpaqların rekultivasiyası üzərində səyyar, stasionar və yerin məsafədən tədqiq edilməsi (aerokosmik tədqiqatlar) metodlar kompleksindən istifadə etməklə müşahidələrin aparılmasını əhatə edir.

Yaşıllıqların monitorinqinin aparılması ildə ən azı bir dəfə həyata keçirilir.

Yaşıllıqların monitorinq müşahidələrinin (tədqiqatlarının) nəticələri (mətn, cədvəl və qrafik materiallar) hər il yaşıllıqların növləri üzrə, onların keyfiyyəti və mövcud vəziyyəti haqqında məlumatlara daxil edilir.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir