Nyu Yorkda 100 illiyimizi qeyd etdilər

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər.

XALQ,AZ xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bayram tədbiri Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” (“My way”) Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.

Bayram tədbirini açan Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danışaraq ölkəmizin hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktiki fəaliyyətində onları təmin etdiyini və bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da AXC-ni Azərbaycan tarixində mühüm bir hadisə kimi dəyərləndirərək, onun əhəmiyyətindən danışıblar.

Rəsmi çıxışlardan sonra tədbir bədii proqramla davam edib. “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblı, Azərbaycandan dəvət olunmuş müğənni Könül Kərimova, bəstəkar-ifaçı Cabbar Musayev öz repertuarlarındakı musiqilərlə çıxış ediblər. Sonda Lori Luis və Marietta Rozental Könül Kərimovaya, Cabbar Musayevə və Münəvvər Vahabovaya Bruklin şəhərinin meri Erik Adamsın imzası ilə olan mükafatları təqdim ediblər.

 

 

Elgün