Oğuz rayonu haqqında sərəncam

Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində Oğuz rayonunda Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuş, çoxsaylı parklar salınmış, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Oğuz rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Oğuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2013-cü il.