“Öhdəliklərin yerinə yetirilməsi Azərbaycanın siyasi istiqamətlərindəndir”

Oqtay

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti xanım Ann Brasörü qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə sədr qeyd edib ki, Avropa Şurası Azərbaycan üçün önəmli təşkilatdır: “Avropa Şurası yeganə təşkilatdır ki, Azərbaycan onun qarşısında öhdəliklər götürüb və bu öhdəliklərin yerinə yetirilməsi hər zaman Azərbaycanın siyasi istiqamətlərindən biri olub”.

Spiker onu da deyib ki, həm AŞ, həm də Azərbaycan tərəfindən qarşılıqlı səfərlər təşkil olunub. Onun sözlərinə görə, bu onun AŞ PA prezidenti ilə son 4 ay ərzində artıq 4-cü görüşüdür: “Bu görüşlər çox əhəmiyyətlidir. Belə görüşlər Azərbaycanla AŞ arasında münasibətlərin inkişafına xüsusi töhfə verir”.

A. Brasör isə qeyd edib ki, AŞ ölkələrini birləşdirən yeganə şey təşkilatın prinsipləridir: “Bu prinsiplər bütün üzv ölkələr tərəfindən yerinə yetirilməlidir”.

Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib.