Oktay Əsədov görüş keçirib

88

 

 

Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Bundestaqında Xristian Demokratik İttifaqı (XDİ) – Xristian Sosialist İttifaqı (XSİ) fraksiyasının sədr müavini, deputat Andreas Şokenhoffu qəbul etdi.
Parlamentin Sədri qonağı səmimi salamlayaraq Azərbaycanın   Almaniya ilə əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğuladı. Qeyd edildi ki, iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hüquqi, dünyəvi, demokratik yolla inamla  addımlayan Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu baxımdan Avropa Birliyinə daxil olan ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün biz AŞPA və digər nüfuzlu qurumlar çərçivəsində sıx əməkdaşlıq edirik. Avronest çərçivəsində əlaqələrimizin davamlı inkişafı da bu məqsədə xidmət edir.
Sədr Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, vətəndaş cəmiyyətinin inkişafı yolunda atılan addımlar, Avropaya inteqrasiya proseslərinin dərinləşməsi istiqamətində görülən işlər və bu proseslərə mane olan məsələlər barədə fikirlərini açıqladı.
Səmimi qəbul üçün minnətdarlığını bildirən almaniyalı deputat Andreas Şokenhoff ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Qeyd edildi ki, səfərin məqsədi müstəqil Azərbaycanın bölgədəki ölkələrlə münasibətləri, təhlükəsizlik və regiondakı ictimai-siyasi vəziyyət barədə danışıqlar aparmaqdır.
Qəbulda Azərbaycanın Avropanın nüfuzlu qurumları, o cümlədən Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlığı barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.