Ölkə başçısının tapşırıqları icra olunur

 

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar ümumrayon müşavirəsi keçirildi.  Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müşavirəni açaraq cənab Prezident İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycanda dayanıqlı və davamlı iqtisadi inkişafın daha da sürətləndiyini, ölkəmizin regionda siyasi, iqtisadi və mədəni mərkəzə çevrildiyini bildirdi. Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində adı çəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı görülən işlər, gələcəkdə görüləcək işlərə dair cənab Prezident tərəfindən verilmiş tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırdı.  Eyni zamanda rayonda bu istiqamətdə görülmüş işlər, aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün aparılan işlər barədə məlumat verdi.
Bildirdi ki, son illər cənab Prezidentin tapşırığı ilə rayonumuzda torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri  genişləndirilmiş, kənd təsərrüfatının gəlirli və ən əsası əməktutumlu sahələrindən biri olan tütünçülüyün üstünlükləri onlara ətraflı izah olunmuşdur. Bunun nəticəsi olaraq 2016-cı ildə ilk olaraq 10,0 hektar torpaq sahəsində tütün əkildi. Bu tədbirin həyata keçirilməsi hesabına 50 nəfərdən çox vətəndaş daimi və mövsümi işlə təmin edildi.
2017-ci ildə isə tütün əkini sahələri 2,5 dəfə artırılaraq 25,0 hektara çatdırılmış, hal-hazıradək  5,4 ton yaş tütün yarpaqları yığılaraq Yardımlı rayonunda yerləşən qurutma sexinə təhvil verilmişdir.  “İmmuna” sortu əkən mülkiyyətçilər tərəfindən yarpaqların yığılmasına başlanılmışdır.
Bundan başqa cari ildə  rayonumuz üçün ənənəvi olmayan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı da müəyyən işlər aparılmışdır. Sahibkarlar tərəfindən qonşu Zaqatala, Balakən və Qəbələ rayonlarından rayonumuza 60 minə yaxın fındıq tingi gətirilmiş və 50 hektardan yuxarı sahədə fındıq tingləri əkilmişdir. Ancaq həmin tinglərə düzgün aqrotexniki qaydada qulluğun göstərilməməsi və suvarma suyunun çatışmaması nəticəsində bir hissəsi məhv olmuşdur. Payız mövsümündə yanmış tinglərin bərpa olunması istiqamətində işlər aparılacaqdır.
Natiq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı bütün rayon ictimaiyyətinin səyi səfərbər olunmalı, planlı iş qurulmalı, sahibkarlara lazımi köməklik olunmalıdır.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev, Kənd Təsərrüfatı İdarəsinin müdiri Mahmud Zahidov, təcrübəli tütünçülər Mirzəmməd Salayev və Gəray Qənbərov çıxış edərək rayonda tütünçülüyün genişləndirilməsi, mövcud problemlərin aradan qaldırılması  istiqamətində fikir və mülahizələrini bildirdilər.

Scroll to top