Ölkənin baş pediatrından sensasion açıqlama

hekim

“Süni uşaq qidalarının satışı ilə məşğul olan firmaların nümayəndələri doğum evləri və  doğuşayardım müəssisələrinə gedərək həkimlərlə işbirliyinə girir, buna cəhd edirlər. Bu  şirkətlərin qanunsuz təklifi ilə razılaşıb təzə doğulmuş körpələrə ana südü əvəzinə süni uşaq  qidaları təyin edən həkimlərə, tibb işçilərinə də tez-tez rast gəlinir. Lakin bununla bağlı  məlumat daxil olan kimi tədbir görülür, qarşısı alınır”.

XALQ.AZ-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında ölkənin baş  pediatrı, professor Nəsib Quliyev deyib.

Nəsib Quliyevin sözlərinə görə, ana südü əvəzsizdir və həkimlərdən tələb olunur ki, yenicə ana olan gənc qadınlara ana südünün üstünlüyü ilə bağlı ətraflı məlumat versinlər: “Lakin süni qida satan firmalar müxtəlif yollarla həkimlərlə “dil tapmağa” cəhd edirlər. Onlara işbirliyi, satışdan gələn gəlirin bölünməsini təklif edirlər. Səhiyyə Nazirliyi isə belə halların qarşısını alır”.

Baş pediatr ana südünü uşaq qidası ilə əvəzləyənləri digər canlılarla müqayisə edir: “Süni uşaq qidalarının tərkibi inək südündən ibarətdir. Doğrudur, qidaların hazırlanması üçün tərkibinə müəyyən elementlər qatılır. Amma fikir verin, quş, inək, fil və ya dovşan öz balasını öz südü ilə qidalandırır. Amma şüurlu insan süni qidalara üstünlük verir. Analar bilməlidir ki, bu dünyada onun südü qədər balasına şəfa verən ikinci bir nemət yoxdur”.

N.Quliyev “Körpə və erkən yaşlı uşaqların qidalandırılması haqqında” qanunda süni uşaq qidalarının reklamına qadağa qoyulduğunu xatırlatdı: “Təəssüf ki, özəl telekanallarda süni uşaq qidalarının reklamına rast gəlinir. Bu isə qanunla qadağandır. Ana südünə əvəz yoxdur. Övladını xəstəliklərdən qorumaq istəyən analar süni qidalardan imtina etməlidir”.