Ombudsmanın beynəxalq təşkilatlara -Bəyanatı

 

elmir

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iyulun 5-də yaydığı bəyanat beynəlxalq təşkilatların rəhbərlərinə, bir sıra ölkələrin ombudsmanlarına göndərilib.

XALQ.AZ məlumat verir ki,  Müvəkkilin bəyanatı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNİSEF-ə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi üzrə icraçı direktoruna, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC), Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, eyni zamanda, Azərbaycanın yüzlərlə diaspor təşkilatına göndərilib.

Bəyanatda vurğulanıb ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub, nəticədə Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub, digər mülki şəxs Səlminaz Quliyeva ağır yaralanıb və mülki obyektlər dağıdılıb.

Ombudsman ədalətin və sülhün tezliklə bərqərar olunacağına, insanlığa qarşı törədilən bu cür qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağına inandığını bildirib. Həmçinin Ermənistanın təcavüzünə son qoyulması, Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrinin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtması və bütün insan hüquqlarından tam faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini və həmkarlarını birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Müvəkkilin bu günlərdə Barselona şəhərində iştirak etdiyi Krans Montana Forumunun 28-ci illik sessiyasında, Ombudsman Aparatı əməkdaşlarının təcrübə mübadiləsi məqsədilə işgüzar xarici səfərlərində, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən həmin faciə ilə bağlı təşkil edilmiş çoxsaylı tədbirlərdə adı çəkilən bəyanat səsləndirilib və iştirakçılara paylanılıb.

Bu günlərdə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən və Töhfə Eminovanın rəhbərlik etdiyi Florida Azərbaycanlı Amerikan Mədəniyyət Assosiasiyası, həmçinin digər diaspor təşkilatlarımız tərəfindən də bəyanat səsləndirilib. Eyni zamanda, Florida Azərbaycanlı Amerikan Mədəniyyət Assosiasiyası türklərlə birgə yürüş və digər tədbirlər keçirəcəklər.

Scroll to top