Onların reallıqla barışıb-barışmaması heç nəyi dəyişmir

cavansir

“Qarşıdakı seçkilərə qatılan namizədlərin çoxunu cəmiyyət ümumiyyətlə tanımır. Onların İlham Əliyevə rəqib olacağını söyləməsi o qədər gülünc səslənir ki, ac toyuğun yuxuda darı görməsinə bənzəyir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

Onun sözlərinə görə, seçkilərə bir aydan çox zaman qalmasına baxmayaraq, artıq nəticələr məlumdur: “Son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti və bu siyasətin uğurları seçkilərin nəticələrini şərtləndirən əsas amillərdir. Təbii ki, bu inkişaf siyasətinin əsasında Heydər Əliyev ideyaları dayanır və xalqımız Heydər Əliyev ideyalarına əsaslanan inkişaf siyasətinin bundan sonra da ölkəmizə uğurlar gətirəcəyinə inanır. Bu mənada növbəti seçkilərdə İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. Məhz elə bu səbəbdəndir ki, bu gün özünü İlham Əliyevə rəqib sayan şəxslərin çoxunu cəmiyyət tanımır, onların adını belə eşitməyib. Bu reallığı hamı bilir. Azərbaycanı gözdən salmaq istəyən bəlli beynəlxalq dairələr də, onların qrant və təlimatları ilə fəaliyyət göstərən radikal müxalifət düşərgəsi də. Sadəcə bu reallıqla barışmaq istəmirlər. Onların reallıqla barışıb-barışmaması isə heç nəyi dəyişmir”.