“Onlayn media və Qarabağ mövzusu”

metbuat

 

Fevralın 13-də Mətbuat Şurasında “Onlayn media və Qarabağ mövzusu” adlı “dəyirmi masa” keçirilib. Lent.az-a verilən məlumata görə, MŞ-nın sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq şuranın beynəlxalq münasibətlər komissiyasının xətti ilə bu mövzuda yeni layihəyə start verildiyini diqqətə çatdırıb.
İnternet medianın MŞ-ı üçün prioritet sahəyə çevrildiyini vurğulayan sədr cari ilin “İnternet media ili” elan edilməsi ilə əlaqədar bir sıra tədbirlərin gerçəkləşdiriləcəyini vurğulayıb: “İnternet media sektorunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlaqədar qurumlarla birgə müəyyən işlərin gerçəkləşdirilməsini də nəzərdə tuturuq. Bu gün start verdiyimiz layihə təşəbbüsümüzün tərkib hissəsidir. Onlayn medianın Qarabağ mövzusunu işıqlandırması olduqca vacibdir. Medianın transformasiyası şəraitində bizim üçün aktual səciyyə daşıyan məsələni dünya birliyinə çatdırmaq müstəsna önəm daşıyır. Biz bu prosesi stimullaşdırmağı nəzərdə tuturuq. Buna görə də öncə internet media resurslarının monitorinqi aparılacaq. Daha sonra mövzuya daha çox üstünlük verən elektron media resursları mükafatlandırılacaqlar”.
MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev müasir dövr üçün informasiya müharibəsinin aktual səciyyə daşıdığını önə çəkib: “Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəşin və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bəzi dövlətlər özlərinin “informasiya müharibələri” strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq, informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Biz çox istərdik ki, bu sahədə də rəqiblərimizdən öndə olaq. Belə bir layihəni gerçəkləşdirməkdə əsas məqsədlərimizdən biri də məhz budur”.
MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas onlayn mediada keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından layihəni uğurlu hesab etdiyini vurğulayıb: “Çox istərdim ki, aparılan monitorinqlərdə kəmiyyət məsələlərindən daha çox keyfiyyətə diqqət yetirilsin. Bu gənc kadrların bacarıqlarını genişləndirmək baxımından da böyük əhəmiyyət kəsb edir”.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı çıxış edərək bildirib ki, layihə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə daha səmərəli şəkildə çatdırmaq və internet mediada mövcud durumu dəyərləndirmək baxımından önəmlidir.