Oqtay Əsədov səfərdədir-Yenilənir

 

Oqtay

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarusda rəsmi səfərdə olacaq.

Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub.
Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində deputatlarımız ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.

Oktyabrın 13-də isə O.Əsədovun başçılığı ilə nümayəndə heyəti MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

MDB PA-nın Şura iclasında cari məsələlərlə yanaşı, “Birliyin uşaqları” adlı Beynəlxalq Forumun nəticələri, Qazaxıstan parlamentinə seçkilərin və Qırğızıstanda prezident seçkilərinin müşahidə edilməsi barədə məsələlərə baxılacaq, növbəti il üçün təşkilatın fəaliyyət planı müzakirə olunacaq.

Səfər çərçivəsində nümayəndə heyəti Parlamentlərarası İttifaqın növbəti Assambleyasının açılış mərasiminə qatılacaq. Assambleyada “Etiqadlar və etniklərarası dialoq vasitəsi ilə mədəni plüralizmi və sülhü təşviq etmək” mövzusunda ümumi müzakirələr keçiriləcək.

Tədbirdə O.Əsədov çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini bölüşəcək, qaldırılan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Burada Milli Məclis sədrinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

 

 

******

Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Minskə gedib. Milli Məclisin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov , deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə prezidenti Aleksandr Lukaşenko, baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.

Səfər oktyabrın 13-də başa çatacaq

 

 

******

 

Belarus Azərbaycan ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir.

AZƏRTAC xəbər verir ki, bu fikri Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç bildirib.

Belarusla Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açan Mixail Myasnikoviç deyib ki, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlər strateji müttəfiqlik müstəvisinə qədəm qoyub.

Son illər hər iki ölkənin dövlət başçılarının ikitərəfli rəsmi səfərlərinin qarşılıqlı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayan Belarus Respublika Şurasının sədri bildirib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif fəaliyyətli şirkəti mövcuddur. “Düşünürəm ki, hər iki ölkə investisiya qoyuluşunu artıra bilər. Parlamentlərimiz bu istiqamətdə fəaliyyətlərini gücləndirə, müxtəlif təkliflərlə çıxış edə bilərlər”, – deyə o qeyd edib.

Mixail Myasnikoviç bildirib ki, son 10 ildə Belarus Gəncə avtomobil zavodunda traktor, yük avtomobili yığılması və kommunal texniki avadanlıqlar üçün Azərbaycana 400 milyon dollar məbləğində məhsul ixrac edib. Zavodda BELARUS markalı təxminən 10 min traktor və 4 minə yaxın yük avtomobili istehsal edilib. Sədr təklif edib ki, Azərbaycanın və Belarusun birgə istehsalı olan məhsullar İran, Türkiyə bazarlarına çıxarılsın. Azərbaycan və Belarus əməkdaşlığı strateji xarakter daşıyır.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur.

“Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var. Biz həmişə dost kimi bir-birimizi dəstəkləmişik. Beynəlxalq təşkilatlarda hər iki ölkənin sıx əməkdaşlığı mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf və yeni formatda davam etdirilməlidir”, – deyə Oqtay Əsədov bildirib.

Milli Məclisin sədri qeyd edib ki, regional parlament qurumları yaradılmalıdır və bu istiqamətdə Azərbaycan və Belarus parlamentləri birgə çalışa bilərlər.

Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu sahədə əməkdaşlıq daha da inkişaf etdirilir.

Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan Milli Məclisin sədri bildirib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Görüşdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və digərləri iştirak ediblər.

 

 

****

 

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, Ticarət Evinin rəhbəri Vasif İsmayılov bildirib ki, fəaliyyətə başladığı qısa müddətdə Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 100 tona yaxın meyvə-tərəvəz məhsulları, 8 min şüşə zeytun yağı, 3 min şüşə nar şirəsi, 1200 qutudan artıq çay və digər məhsullar ixrac olunub. Artıq Azərbaycan məhsulları Belarusun ən böyük market şəbəkələrində satışa çıxarılıb. Yüksək keyfiyyətinə görə yerli alıcıların diqqətini cəlb edən Azərbaycan məhsullarına tələbat gündən-günə artır. Azərbaycan şərablarının və digər məhsullarının ixrac imkanlarının artırılması üçün kvota və lisenziyanın alınması istiqamətində razılaşma əldə olunub.

Nümayəndə heyətinə Azərbaycan məhsulları ilə bağlı ətraflı məlumat verilib.

*****

 

 

Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu fikri oktyabrın 13-də Minskdə Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Parlamentin öz imkanlarının və üstünlüklərinin olduğunu qeyd edən A.Lukaşenko deyib: “Mən parlamentlərin imkanlarını yaxşı bilirəm. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər. Prezident kimi şəxsən mən Belarus parlamenti sədrinin fikirlərinə çox diqqət yetirirəm. Bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də çox demokratik, yüksək təhsilli və intellektual şəxsdir. Əgər ölkə parlamenti vacib məsələni irəli sürərsə, ona xüsusi diqqət yetirir”.

Belarus dövlətinin başçısı qeyd edib ki, hər iki ölkənin müəyyən etdiyi öz yolu, öz siyasi xətti var. “Ölkələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Sözsüz ki, biz dost kimi bir-birimizə etibar edirik”, – deyə Belarus Prezidenti vurğulayıb.

Prezident A.Lukaşenko deyib ki, Belarus və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. Ölkələrimizin müştərək müəssisələrinin istehsal etdiyi məhsullar digər ölkələrin bazarlarına çıxarılır.

“Biz birlikdə Cənub və Şərqə doğru addımlayırıq. İqtisadi sahədə bu siyasəti dəstəkləməkdə davam edəcəyik. Belarus ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənir, bunu heç kimdən gizlətmirik. Azərbaycana bu sahədə dəstək verməkdə israrlıyıq. Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və bununla bağlı qətiyyətli mövqeyini davam etdirəcək”, – deyə A.Lukaşenko qeyd edib.

Belarus Prezidenti MDB Parlament Assambleyası çərçivəsində regional əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini bildirib.

Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan A.Lukaşenko deyib ki, bu görüşdə ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb. Ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığına görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Prezident İlham Əliyevə xoş və səmimi salamlarını çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov səfər zamanı göstərdikləri xoş və doğma münasibətə görə Belarus dövlətinin başçısına təşəkkür edərək, Azərbaycan Prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını Prezident A.Lukaşenkoya çatdırıb.

Spiker qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirir. Bu gün ikitərəfli format demək olar ki, bütün sahələri əhatə edir və genişlənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Belarusun tutduğu mövqeyə görə təşəkkürünü bildirən Oqtay Əsədov xatırladıb ki, 2016-cı il aprel hadisələrində Belarus Prezidenti bəyanat verərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini açıqladı.

Görüşdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və başqaları iştirak ediblər.

 

***

Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir. O deyib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O. Əsədov isə Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Minsk traktor zavodunun Gəncə Avtomobil Zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.

Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə də görüşüb. Tərəflər Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub. O. Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə də tanış olub.

Minskdə keçirilən tədbirlərdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər iştirak ediblər. Səfər başa çatıb.

*****

 

 

Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov MDB ölkələri Parlamentlərarası Assambleyası (PA) Şurasının iclasında iştirak edib.  Sankt-Peterburqun Tavriya sarayında keçirilən iclasda, həmçinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan parlamentlərinin nümayəndələri iştirak ediblər.

MDB Parlamentlərarası Assambleyası Şurasının sədri V.Matviyenko iclası açaraq MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Soçidə keçirilmiş iclası barədə məlumat verib.

Şuranın üzvləri “Nasizmə bəraət qazandırılmasına və antihitler koalisiyası əsgərlərinin xatirəsinin təhqir olunmasına yol verilməməsi haqqında” bəyanat qəbul edib, MDB-nin “Birlik uşaqları” V Beynəlxalq Mədəni-Maarif Forumunun nəticələri, MDB ölkələrində, o cümlədən Qazaxıstan, Qırğızıstan və Ermənistan parlamentlərində keçirilən seçkilərdə, habelə 2018-ci ildə baş tutacaq seçkilərdə müşahidə missiyalarının təşkili məsələləri ilə bağlı məruzələri dinləyiblər.

İclasda İqtisadi Məsələlər üzrə Ekspertlər Şurasının yaradılması təklifi və MDB Parlamentlərarası Assambleyasının 2018-ci il üçün iş planı müzakirə olunub.

Parlamentlərarası İttifaqın sədr müavini Konstantin Kosaçyov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının gündəliyi barədə məlumat verib.

İclasda Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulinə və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə “MDB PA. 25 il” medalı təqdim olunub.

Scroll to top