Oqtay Əsədov görüş keçirdi

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov mayın 3-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Oqtay Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini qeyd edib. Bildirib ki, Cibuti Milli Assambleyası sədrinin Azərbaycana səfəri ölkələrimiz, xüsusilə parlamentlərimiz arasında münasibətlərin inkişafında yeni səhifələr açacaq.

Oqtay Əsədov son illər ölkələrimiz arasında siyasi, humanitar, iqtisadi sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Milli Məclisin sədri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, əminliyini bildirib ki, gələcəkdə ölkələrimiz arasında hökumətlərarası komissiya yaradılacaq, iqtisadi forumlar keçiriləcək. Bu da iki ölkə arasında iqtisadi inkişafa dəstək olacaq.

Azərbaycan Milli Məclisində Cibuti ilə parlamentlərarası dostluq qrupunun yaradıldığını deyən Oqtay Əsədov bildirib ki, gələcəkdə deputatların qarşılıqlı səfərləri həyata keçiriləcək, ölkələrimiz arasında əlaqələr daha sürətlə inkişaf edəcək.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verib. O, Cibuti dövlətinin bu məsələdə Azərbaycana dəstək verdiyinə görə minnətdarlığını bildirib. Cibuti parlamentinin sədri ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə də məlumatlandırılıb.

Mohamed Əli Huməd Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, əminliyini bildirib ki, bu səfərlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. İki ölkənin parlamentlərinin yaratdığı dostluq qrupları əlaqələrin möhkəmlənməsində daha böyük rol oynayacaq.

Parlament sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsi barədə qətnamə Cibuti Respublikası tərəfindən tərəddüdsüz qəbul edilib. “Biz qürur hissi duyuruq ki, bir müsəlman ölkəsi olaraq Azərbaycanın yanındayıq”, – deyən parlament sədri münaqişənin ədalətli həllinin vacibliyini vurğulayıb.