Oqtay Əsədov: “Onu necə əfv etmək olar?”

MM-1

Milli Məclisin yaz sessiyasının sonuncu iclasında prezident İlham Əliyevin əfv sərəncamı imzalaması və hüquq müdafiəçilərinin əfv olunacaq insanlar arasında bəzi şəxslərin olmaması ilə bağlı tənqidi fikirləri deputatlar arasında geniş müzakirəyə səbəb olub.

“Əfv fərmanları ilə 5000-dən artıq insan azadlığa çıxıb. “İndi deyirlər ki, kimsə əfv olunmayıb. Kimsə əfv olunmaq üçün müraciət etməlidirmi, ya yox? Əgər müraciət etməyibsə, onu necə əfv etmək olar? Bəziləri fikirləşir ki, insan cinayət törədibsə mütləq əfv olunmalıdır. Həbsxanalar insanların islah olunması üçündür”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov səsləndirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda bəzi şəxslərin həbsdə olmasından cəmiyyətin böyük qismində narahatlıq olmadığını deyib. “Əgər bu məsələ cəmiyyətin böyük qismini narahat etsəydi, ən azından burada parlamentarilər məsələni qaldırardılar. Əksinə, cəmiyyəti narahat edən məsələ odur ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün NİDA-çı gənclər hadisələrdə iştirak ediblər? Bu cür narazılıqlar kənardan, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş verib”.

Ə.Hüseynli hesab edir ki, indiki mərhələdə hər kəs Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır: “Məhkəmə qərarları qüvvəyə minməmiş fikir yürütmək lazım deyil. Digər tərəfdən, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasındadır və Avopa Şurasının üzvlərindən fərqli olaraq biz hətta məhkəmədə sürətlə baxılmasını imkan verən protokolları təsdiqləmişik. Hər kəs bu imkanlardan yararlana bilər”.