“Ordumuzun qüdrəti durmadan artır” General-mayor Firudin Nəbiyev

 

 

Azərbaycan Ordusu necə sürətlə inkişaf edirsə, ordumuzun tibb xidməti də durmadan müasir dövrün tələblərinə uyğunlaşdırılır. Biz çalışırıq ki, hərbçilərimizin sağlamlığının keşiyində son dərəcə ayıq-sayıq dayanaq və Azərbaycan əsgəri və zabiti yüksək səviyyəli tibbi xidmət alsın.

 

Bu fikirləri 26 iyun Silahlı Qüvvələr günü münasibətilə Trend-ə özəl videomüsahibəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Firudin Nəbiyev bildirib.

 

General-mayor əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini durmadan artırır və bu tibbi xidmət sahəsində də özünü göstərir.

 

İdarə rəisi həmçinin Müdafiə Nazirliyinin tibb sahəsində keçdiyi inkişaf yolundan danışıb, Baş Klinik Hospitalın hazırkı vəziyyəti, kadr hazırlığı və digər vacib məsələlərə toxunub.

 

Firudin Nəbiyev bildirib ki, bu gün Baş Klinik Hospitalda istənilən səviyyədə cərrahi əməliyyat yerinə yetirmək mümkündür:

 

“İstənilən səviyyədə tibbi yardımın göstərilməsi mümkündür. Hospital ən müasir və yeni tibbi avadanlıqlara təmin olunub. İstər sülh, istərsə də müharibə dövründə biz hərbi qulluqçularımza kifayət qədər yüksək səviyyəli tibbi yardım göstəririk. 44 günlük Vətən müharibəsi dövründə də hərbi həkimlərimiz üzüağ çıxdı. Çalışdıq ki, maksimum qısa müddətdə hərbi qulluqçulara tibbi yardım göstərilsin, cərrahi əməliyyatları vaxtında yerinə yetirilsin.

 

Onun sözlərinə görə, əsas məqsədləri odur ki, kiçik tibb heyətinin, sanitarlarıın hazırlığı yüksək səviyyədə olsun.

 

“Onlar özlərinə və yoldaşlarına ilk yardımı göstərmək bacarığına sahib olsun. Bütün sahələrdə olduğu kimi tibb sahəsi də inkişafda olan bir xidmətdir”.

 

Geniş videomüsahibəni təqdim edirik: