Örnək gənclər və ya həyatla savaşan GÜNEL!

Qanira_Pashayeva_ 1

Güneldən yazmaq istəyirəm… Onunla 2006-cı ildə görüşmüşdük. Onda Günel 4-cü sinifdə oxuyurdu. Tovuzda məktəblərdə ən yaxşı oxuyan uşaqlarla tez-tez görüşərdim, onlarla söhbət edərdik və kitablar hədiyyə edərdim. Günellə də məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri kimi görüşmüşdüm. Bu istedadlı, zəhmətkeş qızın həyat hekayəsini bildikdə çox təsirlənmişdim və Günel mənim üçün başqalarından daha fərqli idi, qəlbimdəki yeri ilə…

1999-cu ildə Günelin 3 yaşı olan zaman bütün ailəsi avtomobil qəzasına düşür. Qovlar qəsəbəsində qatarla toqquşan avtomobildə atası, anası, qardaşı ilə yanaşı Günel də olub. Ailənin bütün üzvlərinin həlak olduğu avtomobildə sağ qalan tək Günel olur. O da ağır yaralı vəziyyətdə, düz 40 gün xəstəxanada ölümlə yaşam arasında savaş verir. Allahın yardımı ilə yenidən həyata qayıdan Günelin sağlıq durumunda, özəlliklə də gözlərində müəyyən problemlər qalır və uzun müddət müalicə olunmaq məcburiyyətində qalır. O vaxtdan ata babası və nənəsinin himayəsində qalan Güneli baba-nənəsi böyüdür. Yaşlı baba-nənə, 3 yaşında ata-ana sevgisindən məhrum qalan Güneli yaxşı böyütmək üçün əllərindən gələni edirlər. Məktəbə gedəndə, ən yaxşı oxuyanlardan biri olan Günel, evdə baba-nənəsinə yardım da edir, onların zəhmətini hər zaman dəyərləndirir. Mən belə bir zamanda, 4-cü sinifdə oxuyanda tanımışdım bu ağıllı, zəhmətkeş, oxumağı dəlicəsinə sevən qızı…

Sonra… Günel 8-ci sinifdə oxuyanda, nənəsi beyin iflici keçirdi. Təəsüf ki, o, danışa bilməməklə yanaşı, hərəkətetmə imkanlarını da itirdi. Üstəlik, şəkər xəstəsi də olan 76 yaşlı nənə Günelə kömək edə bilmədi. Tam əksinə, indi Günel nənəsinə baxmalı və ona kömək etməli idi… Ona anası qədər sevgi və qayğı ilə yanaşmış nənənin belə durumda Günel ona yaxşı baxa bilmək üçün hətta dərslərində zəifləmə olsa belə… geri çəkilmədi. Üstəlik, 81 yaşlı babası da xəstə idi və ona da qulluq etmək lazım idi..! Beləliklə, Günel baba-nənəsinə kömək etməyindən qalmamaqla, dərslərində də axsamamaqla əsl mətanət göstərirdi. Bütün çətinliklərə baxmayaraq, oxumaq fikrindən və sevdasından əl çəkmədi.

Müəllimə olmaq sevdası onun uşaqlıqdan ən böyük diləyi idi. Müəllimə olub, uşaqları öyrətmək, onları yetişdirmək sevdası onun üçün böyük önəmli kəsb edirdi. Özü də coğrafiya müəlliməsi olmaq istəyirdi. İstəyirdi, ödənişsiz təhsil almaq hüququ verəcək qədər bal toplasın. Səbəb çox sadə idi: təqaüdçü və xəstəhal baba-nənəsinin onu ödənişli oxutmaq imkanları yox idi…Və bu ilin avqust ayında şad xəbər gəldi. Günel Bakı Qızlar Universitetinə daxil olub, özü də seçdiyi ixtisasa, Coğrafiya müəlliməliyinə… Yəni müəllimə olmaq diləyinə çata biləcək. Təəsüf ki, onun balı universitetin ancaq ödənişli bölməsinə düşmək üçün yetərlidir. – Qızın xəyalları darmadağın oldu, sanki… Mənə belə bir təbəddülatlı vaxtında zəng etmişdi: “Ayın 27-nə kimi qeydiyyatdan keçə bilməsəm, artıq oxuya bilməyəcəm… ödəniş az deyil. Tələb olunan 1800 manatı ödəmək imkanından məhrumuq bu ödənişi ödəməyə mənə kömək edə bilərsinizmi? Qoymayın diləyim gözümdə qalsın, mən oxumaq istəyirəm, müəllimə olmaq istəyirəm” dedi. Utancaq bir səslə söylədiyi sözlər içimdə elə qəribə bir ağrı yaratdı ki!.. Əlbəttə, “sənə kömək etməyə çalışacağıq, narahat olma” dedim. İlahi, bir saniyədə insan səsi nə qədər dəyişə bilərmiş?! Sanki bir an içində dünyanın ən xoşbəxt insanına çevrildi Günel… “Çox sağ olun” dedi, sonra da əlavə etdi ki, “sizin etimadınızı, zəhmətinizi yerə vurmayacam, görəcəksiniz”…

Günel gəldi və mən ona qanunvericiliyə bir neçə ay əvvəl edilən dəyişikliklə hər iki valideynini itirən, valideyn himayəsindən məhrum olmuş uşaqların ali məktəblərdə ödənişli təhsildən azad olunması, yəni pulsuz təhsil ala bilməsini izah etdim və daxil olduğu universitetin rəhbərliyinə də bununla bağlı rəsmi məktub göndərdim. Çünki bu çox həssas bir məsələ idi və mən özüm də bir millət vəkili kimi bir neçə dəfə bu məsələni parlamentdə qaldırmış, bi cür uşaqların ali məktəblərin ödənişli bölmələrinə və ya özəl ali məktəblərə daxil olduğu təqdirdə ödənişdən azad olunmasının, onların təhsili ilə bağlı vəsaitin dövlət tərəfindən ödənməsinin vacibliyini vurğulamışdım. Bu hər iki valideyn himayəsindən məhrum olmuş onlarla gəncimizin ali təhsillə meyillənməsinə böyük yardım olmaqla bərabər, onların gələcəyi üçün də böyük dəstək olardı. Bir neçə ay əvvəl isə Milli Məclis qanunvericiliyə dəyişikliklər etdi və bu cür uşaqların üzləşdiyi problem öz həllini tapdı. İyun ayında cənab prezident İlham Əliyevin imzası ilə təsdiqlənərək qüvvəyə minən sənəd hər iki valideynini itirmiş amma ali təhsil almaq arzusunda olan gənclərə böyük qapı açdı. Sənədlərini verib qeydiyyatdan keçən Günelin sevincinin həddi-hüdudu yox idi. Ali məktəblərə daxil olmuş bütün hər iki valideyn himayəsindən məhrum olan gənclərimizə demək istəyirəm ki, narahat olmasınlar. Onlar artıq qanunla ali təhsil müəsisələrində ödənişdən azaddırlar və dövlətin onlara göstərdiyi bu önəmli dəstəkdən, haqlarından istifadə edə bilərlər. Bunları ona görə yazdım ki, bəzi gənclərimiz təssüf ki, bundan sanki xəbərdar deyillər və hətta bəziləri ödəniş üzündən hətta qazandığı tələbə adından imtina etmək fikrinə düşürlər. Çünki Günellə bağlı yazdığım müraciət ali məktəb rəhbərliklərinə yazdığım ilk müraciət deyil bu il… Universitetlərimizi bu cür gənclərə həssaslıqla yanaşmağa, bu barədə xəbəri olmayan gənclərə onlara qanunla verilən imtiyazları izah etməyə çağırıram.

Günelin hekayəsini isə valideyn himayəsindən məhrum olan uşaqlarla bərabər, oxumaq, öyrənmək, təhsil almaq istəməyən bütün gənclər üçün örnək olsun deyə yazdım. Həyatın bütün çətinliklərinə baxmayaraq oxumaq, təhsil almaq, inkişaf etmək arzusundan vaz keçməyən, daim həyatla mübarizə aparan əziz və sevimli Güneli isə təbrik edirəm! İnanıram ki, həyat yolunda böyük Rəbbimiz hər zaman ona yar və yardımçı olacaq və gənc nəsilləri yetişdirən gözəl bir müəllimə, dəyərli aydın olacaq! Yolun açıq olsun!

Qənirə Paşayeva