Özünü yandıran qız öldü

3

 

 

Bakının mərkəzində özünü yandıran Lənkəran rayon sakini 23 yaşlı Məleykə Bayramlı ötən gecə dünyasını dəyişib. 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərovun verdiyi məlumata görə, gənc qız xəstəxananın reanimasiya şöbəsində vəfat edib: “Bütün səylərə baxmayaraq, ümumi vəziyyəti yaxşı olmadığından o yaşamadı”.

Xəstə vəfat edərkən həkim xəstəxanada olmadığını bildirib. Qeyd edək ki, Məleykə Bayramlı bu gecə saat 4 radələrində vəfat edib: “Qızın özünü yandırdığı ilk saatlarda anasının xəbəri olmayıb. Lakin hazırda anası xəstəxanadadır. 50 yaşlarında olan ana çətin vəziyyətdədir”.

Həkim bildirdi ki, Məleykə Bayramlının meyiti hələ ailəsinə təhvil verilməyib: “Çünki hələ hüquqi prosedurlar gedir”.

M.Bayramlı yanvarın 30-da Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək intihar edib. Bədəninin 75 fazizi yanan qız 5 saylı klinik xəstəxanaya yerləşdirilmişdi.

İlkin araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar.

Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədi ilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.

M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə mavafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib.

Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırıb.

Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.