Pərviz Şahbazov görüşündə iştirak edəcək

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə iyunun 23-23-də Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Nazir Vyanada OPEC-in “Neft – dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında iştirak edəcək.

XALQ.AZ xəbər verir ki, Pərviz Şahbazovun “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa, energetika nazirinin OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da iştirakı planlaşdırılır.

Pərviz Şahbazov OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.

Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

 

Orxan