Parisdə muğam gecəsi (FOTO)

Mugam

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin Vl rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərçiyi“nin doqquzuncu günündə muğam qrupunun ifasında milli musiqimizin şah əsərlərindən olan muğamlar və xalq mahnıları səsləndirilib.

Azərbaycan müəyyən tarixi dövrlərdə istilalara məruz qalsa da, xalqımız bir çox mədəni dəyərlərini, o cümlədən muğam musiqisini qoruyub saxlaya bilib.

Azərbaycanda muğam musiqisi geniş yayılıb və xalqımız tərəfindən həmişə sevilib. Muğam 2008-ci ildə UNESCO tərəfindən şedevr əsər kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Muğamın məşhur ifaçılarından Cabbar Qaryağdı oğlu, Seyid və xan Şuşinskilər, Keçəçi Məhəmməd, Mirzə Səttar və digər məşhur xanəndələrin oxuduqları “Segah”, “Çahargah“, “Rast”, “Bayatı şiraz“, “Şur“, “Şüştər“ təsnifləri xalq musiqi sənətinin qızıl fonduna daxil olub.

Azərbaycandan çox uzaq bir məsafədə yerləşən Fransada da muğam yaxşı tanınır və fransızlar tərəfindən sevilir.

Sentyabrın 27-də şəhərcikdə təşkil olunan muğam gecəsi bunu bir daha sübut etdi.

Konsertdə gənc xanəndə Kamilə Nəbiyevanın ifasında səslənən “Qarabağ şikəstəsi”, “Mənim Azərbaycanım”, “Aşiqəm, kimə yalvarım”, “Küçələrə su səpmişəm“, “Azərbaycan maralı“ və digər xalq mahnıları tələbkar fransız tamaşaçıları tərəfindən böyük maraqla qarşılandı. Gənc xanəndəni tarda respublikanın Əməkdar Artisti Sahib Paşazadə, kamançada Xəyyam Məmmədov və nağarada Eyvaz Mütəllimov müşayiət edirdilər.

Mugam

M6

M7

M8