Parlamentdə büdcənin icrası müzakirə olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunur.

XALQ.AZ xəbər verir ki, büdcənin icrası barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Qeyd olunub ki, 2017-ci il dövlət büdcəsinin mədaxili 16,517 mlrd. manat və yaxud 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10,417 mlrd. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat və yaxud 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektorunun hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 mln. manat və yaxud 4,3% çoxdur.

2017-ci ildə qeyri-neft sektorundan büdcə daxilolmalarının xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52,3% təşkil edib.

Azərbaycan Dövlət Neft Fondundan 6,1 mlrd. manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. Azərbaycan Mərkəzi Bankının mənfəətindən büdcəyə 250 mln. manat ödənilib.
2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və yaxud 17,595 mlrd. manat səviyyəsində icra olunub. Xərclərin 62%-ni cari xərclər təşkil edib.

2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və yaxud 104,8%, xərcləri isə 25 mlrd. manat və yaxud 82,4% səviyyəsində icra olunub. İcmal büdcənin kəsiri 1,1 mlrd. manat təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 1,6%-i deməkdir.

 

 

Orxan