Paytaxtın mərkəzi yollarından biri təmirə bağlandı

Yol-2

Bakının yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam edir. Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq təmir işlərinə başlanılıb.

Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsinin kəsişməsinə qədər olan yol artıq bir neçə gün olarkı bağlanıb. Buna səbəb isə yolda təmir işlərinin aparılmasıdır.

4 gündür bağlanan yol hələ bir neçə gündə bağlı olacaq. Hazırda ərazidə kommunikasiya quyularının dəmir beton piltələri dəyişdirilir və kommunikasiya xətti ilə bağlı qazılmış ərazilərdə kipləşdirmə işləri aparılır. İşlər yekunlaşdıqdan sonra yolda qaşınma işləri aparılacaq. Köhnə beton örtüyü qaşınaraq yeni asfalt örtüyü çəkiləcək. Yolun kənarları yenidən düzəldiləcək. Ərazidə maşınların hərəkətinə məhdudiyyət qoyulub. Avtomobillərə isə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görüb: “Bunun üçün kifayət qədər alternativ yollarımız var. Sürücülər Hənifə Ələsgərova və Nəsibbəy Yusifbəyli küçələrindən istifadə edə bilərlər”.

Yolun nə vaxt təmir olunub, istifadəyə veriləcəyi isə hələ dəqiq məlum deyil.