Pensiyalar 350 manatadək artırılacaq

99

 

2020-ci ilədək Azərbaycanda pensiyanın orta məbləği 350 manata çatdırılacaq

 

2020-ci ilədək Azərbaycanda pensiyaçıların əmək pensiyasının orta məbləği respublika üzrə əməkhaqqının orta aylıq həcminin 50 faizinə çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Sosial Müdafə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Fond sədri deyib: “Məlumatımıza görə, 2020-ci ilədək muzdla işləyən vətəndaşların sayı indiki 1,48 milyondan 2 milyon nəfərə çatacaq. Nəticədə tətbiq edilən digər tədbirlərlə birlikdə DSMF-nin gəlirlərinin həcmi artacaq. Bu vəsaitlər vətəndaşlarımızın pensiya təminatına xərclənəcək və gözləyirik ki, qeyd edilən dövrdə ahıl insanların (yaşı 70-dən artıq olan pensiyaçılar) pensiyalarının orta məbləği orta aylı əməkhaqqının 50 faizinə çatdırılacaq”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ahıl insanların əmək pensiyalarının orta aylıq məbləği 190 manatdır: “Bu məbləğ MDB-nin bir çox ölkələrindəki müvafiq göstəricilərdən xeyli yüksəkdir. 2020-ci ilədək ölkədə orta əməkhaqqı 680-690 manata çatacaq. Bununla da Fondumuzun gələcək məqsədi Azərbaycanda ahıl insanların orta pensiyasını 340-350 manat civarına çatdırmaqdır”.

S.Müslümov əlavə edib ki, 2012-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 396 manat təşkil edib: “Sentyabrın 30-na olan məlumata görə, Azərbaycanda əmək pensiyaçılarının 342 373 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 269 nəfəri qadın, 135 104 nəfəri isə kişidir”.

DSMF sədri qeyd edib ki, onlardan 259 724 nəfəri 70-80 yaş arası, 75 648-i 80-90 yaş arası, 7 001 nəfəri isə 90-dan yuxarı olanlardır. Daha 923 nəfər isə yaşı 100-ü ötmüş insanlardır ki, onlardan da təqribən 855-i qadındır”.

Qeyd edək ki, oktyabrın 1-də DSMF-də Beynəlxalq Ahıl İnsanların Günü münasibətilə bir qrup ahıl pensiyaçı ilə görüş keçirilib. S.Müslümov tədbir iştirakçılarına Azərbaycanda pensiya-sığorta sisteminin inkişafı barədə məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıb.