Peterburqda azərbaycanlı iş adamı axtarışa verildi

Azərbaycanlı iş adamı, Peterburqun Krasnoselsk rayonunda yerləşən mağazanın sahibi  müştəriyə ağır bədən xəsarəti yetirib.

XALQ.AZ  bu barədə АН “Оперативное прикрытие”yə istinadən xəbər yayıb.

Məlumata görə, ötən gün saat 17:00 radələrində Lenin prospekti, 93 ünvanından 26 saylı şəhər xəstəxanasına 40 yaşlı Peterburq sakini  çatdırılıb. Zərərçəkən  çoxsaylı boyun, döş qəfəsi, qarın boşluğu, bilək nayihələrində çoxsaylı deşici-kəsici yaralarla, bundan başqa, nazik bağırsaq və böyük piylik nayihəsində deşici-kəsici yaralarla xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Zərərçəkənin sözlərinə görə, həmin gün 15:30 radələrində Marşal Kazakov küçəsi, ev 36 ünvanında yerləşən “Продукты” mağazasında obyekt sahibi ilə arasında mübahisə yaranıb. Mübahisənin gərginləşməsindən sonra 29 yaşlı azərbaycanlı iş adamı kəsilmiş şüşə qırığını əlinə alaraq, müştəriyə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Mağaza video-müşahidə kameraları ilə təchiz olunub, qeydə alınmış videoyazılar müstəntiqlər tərəfindən araşdırılır. İnsidentlə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb. Azərbaycanlı iş adamı axtarışa verilib. Həmin şəxsin Rusiya vətəndaşı olduğu məlum olub.

Həbib