Prezident görüşlər keçirib – FOTO

Bu gün Azərbaycan prezidenti İlham Əliyev bir sıra dövlətlərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edib.

 

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib.

Səfir M. Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğulayıb. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir M. Boçarnikov Rusiya prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən M. Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Hristov Yankovun etimadnaməsini də qəbul edib.

N. Yankov ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini söyləyib, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə edib.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını nəzərə çatdırıb, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini qeyd edib.

Bundan başqa prezident Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

Səfir M.Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

M. M. K. Seoane Peru prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırıb. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.Səfir Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu nəzərə çatdırıb.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirib. Dövlət başsısı bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.

Dövlət başçısı Peru prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru prezidentinə çatdırmağı xahiş edib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.