Pirallahıda Günəş Elektrik Stansiyası ilin sonuna istismara veriləcək

P-3

Son illər respublikamızda bütün sahələrdə irimiqyaslı layihələr uğurla həyata keçirilir. Aparılan islahatlar nəticəsində iqtisadiyyatda, o cümlədən energetika sektorunda sürətli inkişaf müşahidə olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərinə görə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”. Qeyd etmək lazımdır ki, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının Fərmanı ilə 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmış, bu sahənin inkişafını nəzərdə tutan bir sıra dövlət proqramlar qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin sırasında Pirallahı adasının enerji dayanıqlığını təmin etmək üçün alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının quraşdırılması da vardır.
Bu məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2 hektar torpaq sahəsi ayrılmışdır və cari ilin mart ayından etibarən Günəş Elektrik Stansiyasının inşasına başlanılmışdır.
Pirallahı Günəş Elektrik Stansiyası “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaqdır və burada istehsal olunacaq enerji ASC-nin şəbəkəsinə ötürüləcəkdir. Ümumi gücü 2,8 meqavat olacaq Günəş Elektrik Stansiyasının tam istifadəyə verilməsi  ilin sonuna planlaşdırılır və stansiyada işlərin tamamilə yekunlaşması rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcəkdir. Hazırda tikinti-quraşdırma işlərinin tamamlanması istiqamətində fəaliyyət intensiv şəkildə davam etdirilir.
Qeyd etmək lazımdır ki, Günəş Elektrik Stansiyasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa olunmuş “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi günəş panellərindən istifadə edilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.