“PR və media dialoqu” TƏDBİR

Bakıda “PR və media dialoqu” mövzusunda tədbir keçirilib. Məlumata görə, tədbir Mətbuat Şurası və Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası ilə birgə təşkil edilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin mahiyyətindən söz açaraq bildirib ki, dialoq çərçivəsində qurumların ictimaiyyətlə əlaqələr strukturunun media ilə necə əlaqə qurması, əlaqələrdə yaranan problemlər ətrafında müzakirələr təşkil ediləcək.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədov çıxışında bildirib ki, APRA təşkilatı 2016-cı ilin may ayında PR strukturunun Azərbaycanda daha geniş aspektdə tətbiqi, ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli inkişafına nail olmaq məqsədilə yaradılıb.

O deyib ki, bəzi dövlət qurumlarında mətbuat xidməti strukturu olsa da, ictimaiyyətlə əlaqələr strukturu, buna məsul şəxs yoxdur: “Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr sahəsində akademik təhsil mövcud deyil. Bu sahənin gələcək inkişafını təmin etməyə çalışacağıq”.

Qeyd olunub ki, aprelin 14-də keçiriləcək növbəti tədbirdə beynəlxalq PR mütəxəssisləri də iştirak edəcək.

İctimaiyyətlə Əlaqələr Assosiasiyasının fəaliyyətinin vacibliyini vurğulayan “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu təşkilatın media və ictimaiyyətlə əlaqələr qurumu arasında münasibətlərin tənzimlənməsinə kömək edəcəyinə ümidini ifadə edib.

A. Quliyev deyib ki, bu sahədə metodik tövsiyələrin verilməsi çox vacibdir: “Azərbaycanda rəhbərliyi ictimaiyyət tərəfindən tanınmayan mətbuat xidmətləri var. Bəziləri mediaya qapalıdır. Əslində isə bu, onların özünə, fəaliyyətinin işıqlandırılması üçün lazımdır. Mətbuat xidməti rəhbərinin savadı, qələmi olmalı və ictimaiyyətlə əlaqələrin formatını bilməlidir. Bu sahədə kadrların yetişməsinə ehtiyac var”.

Tədbir qurumların PR və mətbuat xidməti strukturunun fəaliyyəti, məmurların mətbuatdan uzaq düşməsinin səbəbləri, media nümayəndələri və mətbuat xidmətləri arasında əlaqələr və s. mövzular ətrafında müzakirələrlə davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.