Prezident cəbhə bölgəsində səfər edib

 

63

Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.

XALQ.AZ  AzerTac-a istinadən xəbər verir ki, prezidentə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb.
Sonra İlham Əliyev qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub.
Dövlət başçısı məktəbin ərazisində nümayiş etdirilən “Çövkan” oyununa tamaşa edib.
Azərbaycan prezidenti məktəbin foyesində qəsəbənin baş planına baxıb, kompyuter otağında yaradılan şəraitlə maraqlanıb. Sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Qəsəbə sakinləri – ikinci qrup Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli Baxşeyiş Hətəmli və şəhid anası Məryəm Cəfərova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə məcburi köçkünlər adından minnətdarlıqlarını bildiriblər.
******

Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.Avqustun 6-da Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi tikilir. Bu kompleks ölkənin regionlarında salınmış ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biri olacaq.Avqustun 6-da Prezident İlham Əliyev kompleksdə görülən işlərlə tanış olmaq üçün buraya gəldi.

Dövlətimizin başçısına məlumat verildi ki, park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları qorunub saxlanılıb. Hazırda iki istiqamətdən həmin abidəyə asma körpü çəkilir. 14 fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artıracaq.

Ulu öndər Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görüləcək.

Parkın giriş qapısı da öz əzəməti ilə diqqəti cəlb edir. Uzunluğu 36 metr, hündürlüyü 12 metr olan qapı milli memarlıq üslubunda ucaldılıb. Yeni tikiləcək mədəniyyət sarayına da 3 istiqamətdən giriş qapıları qoyulub. Burada keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün 1000 tamaşaçı yeri olan süni örtüklü stadion, geniş ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, 1,2 kilometr uzunluğunda velosiped yolu, 300 yerlik avtomobil dayanacağı yaradılır.

Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyefbirləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib.

Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.