Prezident Ağdaşa səfər edib

 

 

1

 

İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi

 

*******

3

İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər görülür. Dünya şöhrətli siyasi xadimin anadan olmasının 91-ci ildönümü münasibətilə hazırda vacib layihələr reallaşdırılır. Bu layihələr sırasında paytaxt Bakıda və bölgələrdə yaradılan Heydər Əliyev mərkəzlərinin dahi şəxsiyyətin siyasi irsinin öyrənilməsində mühüm rolu vardır.

Belə mərkəzlərdən biri də Ağdaş şəhərində tikilmişdir. Bu Mərkəzin yaradılması, ilk növbədə ağdaşlıların dünya şöhrətli siyasi xadimin xatirəsinə ehtiramını nümayiş etdirir. Bu, həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanmışdır. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilmişdir. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilmişdir.

Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompyuter kursları, elektron kitabxana fəaliyyət göstərəcəkdir.

İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili planlaşdırılır.

Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, burada da müvafiq şərait yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Sabahınız xeyir olsun.

Sizi ürəkdən salamlayıram. Bu gün biz Ağdaş rayonunda yenidən görüşürük. Mən Ağdaş rayonunda dəfələrlə olmuşam. Bu dəfə də burada görülən işlərlə tanış olacağam. Biz bu gün ilk növbədə Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Bu, gözəl hadisədir. Möhtəşəm Mərkəzdir. Həm memarlıq, həm də daxili dizayn baxımından göz oxşayır. Bu gözəl Mərkəz bir memarlıq abidəsidir. Eyni zamanda, Mərkəzdə yerləşən studiyalar, dərnəklər əlbəttə ki, onun funksional əhəmiyyətini də artıracaqdır.

Belə mərkəzlərin bölgələrdə açılması həm Azərbaycan xalqının Ulu Öndərə olan ehtiramının təzahürüdür, eyni zamanda, mərkəzlərdə Heydər Əliyevin keçdiyi yolla bağlı ekspozisiyalar quraşdırılır, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü işlər, müasir Azərbaycan tarixi öz əksini tapır. Bu mərkəzlərdəki sənədlər, fotomateriallar, ekspozisiyalar bizim yaxın tariximizi əks etdirir.

Mərkəzlərin böyük mənəvi funksiyaları vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə, bildiyiniz kimi, çox ağır vəziyyətdə idi. Demək olar ki, müstəqilliyimiz əldən gedirdi, xaos, anarxiya hökm sürürdü, vətəndaş müharibəsi başlamışdı.

Azərbaycan xalqının tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Beləliklə, 1993-cü ildən bu günə qədər ölkəmiz inkişaf və sabitlik dövrü yaşayır. Hər bir ölkənin inkişafı üçün sabitlik başlıca şərtdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz əldə edilmiş sabitliyin nəticəsidir.

Biz Ulu Öndərin siyasətinə sadiqik. Azərbaycan onun qoyduğu yolla gedir və uğurla gedir. Son 20 ilin inkişafı onu göstərir ki, bu, düzgün yoldur. Başqa yol ola bilməz. Azərbaycan bu gün dünya miqyasında çox etibarlı ölkə, tərəfdaş kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Xarici siyasətimizin təməlini də Heydər Əliyev qoymuşdur. Bu siyasət müstəqillik əsasında qurulur. Bu gün bizim iqtisadi imkanlarımız artdıqca əlbəttə ki, dünyada, beynəlxalq arenada istənilən məsələ ilə bağlı sözümüzü açıq ifadə edirik. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır və bu mövqe ədalətə əsaslanır.

Bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır. Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur.

Bütün bunları biz özümüz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Biz Ulu Öndərin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu nailiyyətləri ildən-ilə möhkəmləndiririk.

Əlbəttə ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Əgər bu, olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq.

Ancaq bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir. Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür. Bir sözlə, Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyildir ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir.

Bu il üçüncü regional inkişaf proqramı da qəbul edilmişdir. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və bu il üçüncü proqram qəbul edilib. Bu proqram çox dəqiqdir, müfəssəldir. Hər bir məsələ orada öz əksini tapıb. Hər bir rayonun inkişafı da o proqramda nəzərə alınıbdır. Hər bir rayonun, hər bir kəndin problemi həll olunandan sonra ölkəmizdə heç bir problem qalmayacaqdır.

Əvvəlki dövrlərdə də iki proqramın icrası nəticəsində Ağdaş rayonunda böyük işlər görülmüşdür. Bax, burada yerləşən Olimpiya İdman Mərkəzini, böyük xəstəxananı, bütün bu sosial obyektləri biz bir yerdə açmışıq və onlar insanlara xidmət göstərir. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin tikintisi davam edir. Bilirəm, hələ də qəzalı, yararsız vəziyyətdə məktəblər vardır, ancaq tədricən onlar da təmir olunacaqdır. Beləliklə, üçüncü proqramın icrası nəticəsində 2018-ci ilə qədər sosial infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı heç bir problem qalmamalıdır.

Ağdaşda infrastruktur layihələri icra edilir, qazlaşdırma aparılır. Kəndlərin əksəriyyəti qazlaşdırılıbdır. Növbəti illərdə Ağdaşda qazlaşdırma 100 faizə çatmalıdır. Hər bir yaşayış məntəqəsində təbii qaz olmalıdır. Şəhərdə də köhnə borular dəyişdiriləcək və beləliklə, qaz təsərrüfatı ən yüksək səviyyədə olacaqdır. İçməli su layihələri icra edilir. Əminəm ki, bu məsələ də yaxın gələcəkdə tam şəkildə öz həllini tapacaqdır. Kənd yolları tikilir. Biz bu gün bir neçə kəndi birləşdirən kənd yolunun açılışını qeyd edəcəyik.

Yəni, insanların normal yaşaması üçün bütün şərait yaradılır və şəhər də gözəlləşir, abadlaşır. Bax bu yer, şəhərin yeni sahəsidir, yeni inkişaf zonasıdır. Yadımdadır, burada birinci tikilən Olimpiya Mərkəzi olmuşdur. Ondan sonra xəstəxana tikildi, daha sonra meydan yaradıldı. İndi isə Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının inzibati binaları açılır. Yəni, bura bir mərkəz olubdur. Ağdaşın ənənəvi mərkəzi vardır. Orada da abadlıq işləri aparılır. Ancaq bu, yeni mərkəzdir. Görün, bütün işlər nə qədər böyük səliqə ilə, zövqlə görülübdür, ağaclar əkilir, qazonlar salınır. Bu binalar da memarlıq nümunəsidir.

Bu gün Azərbaycan elə bir səviyyədədir ki, hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən geri qalmamalıdır. Çünki Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və yaratmalıyıq.

Bu gün, eyni zamanda, burada sənaye müəssisələrinin açılışı nəzərdə tutulur. Bu il bilirsiniz ki, Azərbaycanda “Sənaye ili”dir. Bizim gələcək iqtisadi inkişafımız sənaye ilə bağlıdır. Qeyri-neft sənayesi ilə bağlıdır ki, biz bu sahəni daha da inkişaf etdirək. Kənd təsərrüfatı, emal sənayesi – bütün bunlar həm iş yerlərinin açılmasına gətirib çıxarır, həm milli gəlirimizi artırır, ümumiyyətlə, ölkəmizin inkişafı üçün lazım olan məsələlərdir.

Yəni, hər bir sahə diqqət mərkəzindədir, elə də olmalıdır, elə də olacaqdır. Əminəm ki, Ağdaşda bundan sonra daha da gözəl işlər görüləcəkdir. Ancaq bu günə qədər görülən işlər hesab edirəm ki, təqdirəlayiqdir. Bu nailiyyətlər münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Ağdaşdakı Maqsud Şeyxzadə adına texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın direktoru Şəhla HACIBALAYEVA rayona göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

– Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi ağdaşlılar adından ürəkdən salamlayım. Ağdaşa xoş gəlmisiniz. Bu gün Ağdaşın müasir, gözəl bir guşəsinə toplaşmışıq. Sizin bizə bəxş etdiyiniz bu abad məkan rayonumuzun simasını daha da gözəlləşdirib. Bu gün burada Azərbaycan xalqının ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə açılışına toplaşdığımız Mərkəz hər birimizdə qürur hissi yaradır.

Möhtərəm cənab Prezident, əminliklə deyə bilərik ki, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulmasından qürur duyan gənclərimiz bu gün açılışında iştirak etdiyimiz Mərkəzdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsini daha dərindən mənimsəyəcək və burada öz maraqlarına uyğun məşğuliyyət tapacaqlar. Bu gün bizim qarşımızda duran əsas məsələ müasir müstəqil Azərbaycanda doğulub zəngin Azərbaycanda yetkinlik yaşına çatmış gənclərimizə ölkəmizi sevdirmək, Ulu Öndərimizin Vətən uğrunda gördüyü böyük işləri onlara aşılamaq, onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə nail olmaqdan ibarətdir.

Biz hər bir gəncimizə dərk etdirməliyik ki, əgər Ulu Öndərimiz olmasaydı, müstəqil Azərbaycanımız da olmazdı. Çünki Ulu Öndər Vətənimizi parçalanmaqdan qorudu, qardaş qırğınının qarşısını aldı, böyük, möhtəşəm bir Azərbaycan dövlətini yaratdı ki, bu gün onu bütün dünya tanıyır. Bu gün Ulu Öndərimizin Vətən səmasından müstəqil Azərbaycanımızı seyr edən müqəddəs ruhu rahatdır. Çünki Siz Ulu Öndərimizin yolu ilə gedirsiniz, ölkəmizi inkişaf etdirirsiniz, onu ən yüksək zirvələrə ucaldırsınız. Son 10 ildə ölkəmiz Sizin rəhbərliyiniz ilə ağlagəlməz inkişaf yolu keçmişdir. Həyata keçirdiyiniz bütün tədbirlərin mahiyyətində insan amili, insanlarımızın, vətəndaşlarımızın sosial rifahı durur. Bax elə dünən müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailələrinin sosial təminatlarını gücləndirmək məqsədilə sərəncamlar imzalamısınız.

Möhtərəm cənab Prezident, bu gün müstəqil Azərbaycanımız böyük inkişaf yolu ilə uğurla irəliləyir. Artıq Azərbaycanımızın haqq səsini bütün dünya eşidir. Sizin bu yaxınlarda Praqada etdiyiniz çıxışınız hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Böyük fəxr hissi ilə, qürur hissi ilə Sizin çıxışınızı oxuduq. Siz bütün dünyaya sübut etdiniz ki, Azərbaycan müstəqil, möhkəm, qürurlu bir dövlətdir. O, heç bir zaman əyilməyəcək, o, heç bir zaman heç kimin qarşısından geri çəkilməyəcəkdir.

Cənab Prezident, Siz ölkəmizin hansı guşəsində olursunuzsa, ora az bir müddət ərzində gülüstana çevrilir, insanların qəlbinə sevinc, rahatlıq hissi hakim kəsilir. Bunu abad kəndlər, şəhərlər, ucalan binalar, salınan yollar, körpülər, yeniləşən parklar, bağlar, xiyabanlar, minlərlə-milyonlarla insanların Sizə ünvanlanan alqışları təsdiq edir. Bu inkişaf yolu Ağdaşımızdan da yan keçməmişdir. Bu gün ölkəmizdə yeni-yeni layihələr həyat keçirilir, infrastruktur obyektləri istifadəyə verilir. Bu gün gördüklərimdən duyduğum qürur, sevinc, iftixar hissini söz ilə ifadə etməkdə çətinlik çəkirəm. Ona görə də fikrimi rayonumuza əvvəlki səfəriniz zamanı dediyiniz sözlərlə bildirirəm: “Ağdaş indi müasir, gözəl bir rayona çevrilmişdir. Burada istirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır”. Bütün bunları bizim üçün Siz yaratmısınız, möhtərəm cənab Prezident. Buna görə də ağdaşlılar adından bir daha Sizə dərin minnətdarlığımızı bildirir, bu işlərin görülməsində Sizinlə çiyin-çiyinə çalışan xalqımızın sevimlisi Mehriban xanıma, bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın müstəqilliyi naminə apardığınız böyük işlərdə uğurlar arzu edirik.

Cənab Prezident, biz Sizinlə fəxr edirik, biz Sizinlə qürur duyuruq, Sizə inanır, Sizə arxalanırıq. Tanrı Sizi qorusun!

X X X

Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev də Prezident İlham Əliyevə ağdaşlıların təşəkkürünü çatdıraraq dedi:

– Var olun, üzünüzdən bu təbəssüm əskik olmasın. Biz həqiqətən Sizinlə fəxr edirik. Allah Sizə yar olsun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

****

 

4

İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Son illər Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Həmçinin bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə regionlarda həyata keçirilən quruculuq işləri, ilk növbədə həmin bölgələrin inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar bölgələrin simasına xüsusi yaraşıq verir. İndi bütün rayonlarda davam edən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Ağdaş rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Dörd mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin aprelində başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır. Binanın interyeri zövqlə tərtib olunmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisində fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır. Fotoguşələrdə Ümummilli Liderin və Prezident İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər vardır.

Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılmışdır. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. İnzibati binada sakinlərlə və yerli icra nümayəndələri ilə videokonfrans təşkil etmək üçün zal vardır. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılmışdır.

Konfrans zalı da ən son texnologiyalar əsasında qurulmuşdur. Müasir standartlara cavab verən texnologiyalar əsasında qurulmuş 100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçiriləcəkdir. Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılmışdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bəzi icra nümayəndəlikləri şəbəkəyə qoşulmuşdur.

Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülmüş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

****

 

5

İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə xalqın partiyası olmasını aydın nümayiş etdirir. Ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bu gün bu fikrin nə qədər doğru olması özünü daha aydın büruzə verir. Yeni Azərbaycan Partiyası ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması şübhəsiz ki, cəmiyyətdə bu siyasi quruma olan ehtiram və hörmətdən, onun nüfuzundan qaynaqlanır.

Yeni Azərbaycan Partiyasının ümumi məqsədlər və amallar naminə uğurlu fəaliyyətində partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin gözəlliyini artırır. Bu binalarda ən yüksək səviyyədə işləmək üçün hər cür şərait yaradılır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bina orijinal layihə, maraqlı memarlıq quruluşu ilə Ağdaş şəhərinin gözəlliyini daha da artırır.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılmışdır. İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Bina müasir inventar və avadanlıqla təchiz edilmişdir.

Binanın foyesində ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşələr vardır. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı da yaradılmışdır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.

Hazırda YAP Ağdaş rayon təşkilatının 16 min nəfər üzvü vardır. Onların 51 faizini qadınlar, 43 faizini gənclər təşkil edir.

 

 

*****

 

6

İlham Əliyev Ağdaş meyvə emalı zavodunun açılışında iştirak etmişdir

 

Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafına xüsusi diqqət yetirilir.

Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Diqqət çəkən ən vacib amillərdən biri də bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiyanın yatırılmasıdır. Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Bundan əlavə, mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal və emal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqət mərkəzində saxlanılır.

Qeyri-neft sektorunun inkişafını sahibkarlığa geniş imkanlar yaradılmasında görən dövlətimizin başçısı özəl sektora xüsusi qayğı ilə yanaşır. Sahibkarlara öz imkanlarından və regionların potensialından istifadənin təkmilləşdirilməsi üçün sərəncamlar imzalayır, tapşırıqlar verir. Onların maliyyə təminatının yaxşılaşdırılması qayğısına qalır. Təsadüfi deyil ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkə üzrə 20 minədək sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr hesabına 116 mindən çox yeni iş yeri yaradılmışdır.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ayrılan vəsaitlər sənayenin prioritet istiqamətləri üzrə müəssisələrin yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan layihələrin maliyyələşdirilməsinə yönəldilir. İndi həmin layihələr təkcə böyük şəhərləri deyil, regionları da əhatə edir. Məqsəd bölgələrdəki resurslardan səmərəli istifadə yolu ilə bazarı rəqabətqabiliyyətli məhsullarla daha dolğun və əhalinin məşğulluğunu təmin etməkdir. Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu da bu baxımdan mühüm əhəmiyyət kəsb edəcəkdir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağdaş rayonuna səfərləri zamanı əhali ilə keçirdikləri görüşə və müxtəlif obyektlərin açılışlarında iştiraklarına həsr olunmuş fotostendə baxdı.

Sonra Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, ümumi dəyəri 4.2 milyon manat olan müəssisənin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan 1.9 milyon manat güzəştli dövlət kreditindən istifadə olunmuşdur. Ümumi sahəsi 2 min kvadratmetr olan zavod quru meyvə, bəhməz istehsalı və köməkçi sahələrdən ibarətdir. Zavodun quru meyvə istehsalı sahəsi dünyanın məşhur şirkətlərinin texnologiyası və avadanlığı əsasında qurulmuşdur. Burada xammalın qəbulu, yuma maşını, su süzgəci, beşmərtəbəli bişirmə sobası və qablaşdırma avadanlığı quraşdırılmışdır. Qurutma prosesi meyvələrin xüsusiyyətindən asılı olaraq bir neçə mərhələ üzrə həyata keçirilir. Tələbata uyğun olaraq əsasən xurma, üzüm, gavalı, ərik və almadan meyvə quruları istehsal olunur. Bu məqsədlə mövsüm ərzində 1.2 min tonadək müxtəlif meyvələrin tədarükü və emalı nəzərdə tutulur. Zavodda meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün həm dadına, həm yaxşı əmtəə görünüşünə, həm də yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir. Hazır məhsullar daxili bazara yönəldilməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaqdır.

Bəhməz istehsalı sahəsi Türkiyənin STK şirkətinin bişirmə sobaları, soyutma, süzmə və qablaşdırma avadanlığı əsasında qurulmuşdur. Müxtəlif xəstəliklərin müalicəsi üçün təbabətdə geniş istifadə olunan bu məhsulun Azərbaycanda ilk dəfə sənaye üsulu ilə istehsalı məhz bu zavodda həyata keçiriləcəkdir. Tələbata uyğun olaraq əsasən tut, xurma, üzüm və zoğal kimi meyvələrdən il ərzində 20 ton bəhməz istehsal olunması planlaşdırılır.

Zavodun bu istehsal sahəsində, eyni zamanda, qatılaşdırılmış süd hazırlanacaq ki, bundan un məmulatı və dondurma istehsal edən müəssisələrdə xammal kimi geniş istifadə olunacaqdır.

Burada Prezident İlham Əliyevə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Aran iqtisadi rayonu üzrə sahibkarlara verilən güzəştli kreditlər və onların xərclənmə təyinatları barədə məlumat verdi. Bildirildi ki, indiyədək 7612 sahibkara 326.3 milyon manat dövlətin güzəştli krediti verilmişdir. Bu kreditlər hesabına 29 mindən çox yeni iş yeri yaradılmışdır. O cümlədən müasir texnologiyalara əsaslanan, ümumi dəyəri 418.1 milyon manat olan 77 investisiya layihəsinin – 10 logistik mərkəz, 9 taxıl anbarı və 8 heyvandarlıq kompleksi, 12 quşçuluq təsərrüfatı, 4 süd, 2 ət və 4 meyvə-tərəvəz emalı zavodu, 5 çörək zavodu, 4 istixana kompleksi, 3 intensiv bağçılıq, 3 üzümçülük və 2 iri taxılçılıq təsərrüfatı, 2 quru meyvə, 1 qənd, 4 tikinti materialları və 4 digər istehsal və emal müəssisəsinin maliyyələşdirilməsinə 195.2 milyon manat güzəştli kredit verilmişdir. Həmin iqtisadi zonaya daxil olan Ağdaş rayonunda indiyədək 233 sahibkar 12.4 milyon manat dövlətin güzəştli kreditindən bəhrələnmişdir. Bu kreditlər hesabına mindən çox yeni iş yeri yaradılmışdır.

Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı həm rayonun daxili istehsalı, həm də ətraf rayonlardan tədarük hesabına ödəniləcəkdir. Bu da öz növbəsində kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və gələcəkdə zavodun emal imkanlarını daha da artıracaqdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, zavod İSO-2005 beynəlxalq təhlükəsizliyin idarə edilməsi sertifikatı almışdır.

Layihənin icrası nəticəsində 30 yeni iş yeri yaradılmışdır.

 

*****

 

63

İlham Əliyev Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak etmişdir.

Son illərdə ölkənin nəqliyyat sisteminin, o cümlədən dəmir yolunun təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu siyasətin tərkib hissəsi olaraq nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda müasir standartlara cavab verən dəmir yolu vağzallarının tikintisinə və əsaslı təmirinə başlanılmışdır.

Yeni inşa olunan vağzallardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin Ləki stansiyasındakı binadır. Ləki dəmir yolu vağzalının binası müasir memarlıq üslubunda inşa olunmuşdur. Ərazidə yaşıllıq zolağı salınmışdır. Yeni binada sərnişinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edildi.

Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunmuşdu. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranmışdı. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılmışdır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait vardır. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılmışdır. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılmışdır.

Stansiyada ana və uşaq otağı fəaliyyət göstərəcəkdir. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılmışdır.

Dəmir yolunun Ləki stansiyasının vağzal binası sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Binanın mühəndis-kommunikasiya sistemləri də müasir standartlara cavab verir. Burada sərnişinlər informasiya monitorundan yararlana biləcəklər.

Bildirilmişdir ki, stansiyada yeni platforma tikilmişdir. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu vardır. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon – 19 min 600 ton yükləmə, 2500 vaqon – 150 min ton boşaltma işləri həyata keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.

*****

66

 

İlham Əliyev Gilan yem emalı zavodunun açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Gilan yem emalı zavodunun açılışında iştirak etmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi islahatlar strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmiz dinamik inkişaf edir. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur. Təsadüfi deyildir ki, bu gün Azərbaycanda ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir. Bu, ölkədə aparılan iqtisadi şaxələndirmə siyasətinin nəticəsidir.

Qeyri-neft sektorunun inkişafında heç şübhəsiz ki, son illərdə Azərbaycanda həyata keçirilən aqrar islahatlar mühüm rol oynayır. Bu da Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına verdiyi önəmi bir daha təsdiqləyir. Dövlətimizin başçısı ölkədə kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə səmərəli tədbirlərin həyata keçirilməsini hər zaman diqqət mərkəzində saxlamışdır. Bu ilin əvvəlində dövlətimizin başçısının imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da bu sahədə mühüm rol oynayır. Bu sənəd “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsini, kənd təsərrüfatı məhsulları ixracının artırılmasını, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunmasını, ərzaq bazarının səmərəli fəaliyyətini ehtiva edir. Bu, həm də ölkədə aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın müəyyən olunması baxımından mühüm Sərəncamdır.

Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu çərçivədə heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, zəruri infrastrukturun və bazanın təmin olunması, o cümlədən sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, yeni müəssisələrin fəaliyyətə başlaması diqqətdə saxlanılır. Bu baxımdan Ağdaşda Gilan yem emalı zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda iri layihələrdən olan bu müəssisə Ağdaş rayonunun Binələr kəndi ərazisində 8 hektar ərazidə tikilmişdir. Zavod quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı və digər köməkçi sahələrdən ibarətdir.

Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, zavod özündə 2 fabriki birləşdirir.

Dövlət başçısı müəssisəni işə saldı.

Bildirildi ki, quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı sahəsi tanınmış xarici şirkətlərin texnologiyası və avadanlığı əsasında qurulmuşdur.

Azərbaycan Prezidenti istehsal prosesini izlədi, müəssisənin hazır məhsullarına baxdı.

Məlumat verildi ki, birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal olunacaqdır.

Qeyd edildi ki, MDB məkanında və Avropa ölkələrinin əksəriyyətində bu gücə malik belə zavod fəaliyyət göstərmir. Burada xammal kimi əsasən yerli məhsullardan istifadə olunur. Bunun üçün isə Samux, Beyləqan, Biləsuvar və Qəbələdə taxıl, arpa, qarğıdalı və günəbaxan sahələri yaradılmışdır. Zavodun əhəmiyyətini artıran mühüm amillərdən biri də ondan ibarətdir ki, respublika üzrə un istehsal edən fabriklərdən qida üçün yaramayan xammal alınaraq burada toyuq və mal yemi kimi hazırlanacaqdır. Layihənin icrası nəticəsində 105 yeni iş yeri yaradılmışdır.

Bütün bunlar, son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı sayəsində mümkün olmuşdur. Ölkədə aqrar sahənin, xüsusilə də heyvandarlığın inkişafına göstərilən diqqət artıq yem bazalarının yaradılmasını da gündəmə gətirmişdir və bu istiqamətdə mühüm addımlar atılır. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün yem bitkilərinin əkin sahələri və onun məhsuldarlığı nəzərə alınaraq dövlət büdcəsindən müvafiq vəsait ayrılır, sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditləri ilə təmin olunması həyata keçirilir.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

 

****

 

65

İlham Əliyev Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışda iştirak etmişdir

 

Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Son on ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxt Bakının və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə abadlaşdırılır.

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da geniş vüsət almışdır. Rayondakı Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu tamamilə yenidən qurulmuşdur.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılmışdır. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcəkdir.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.

Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü.

Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Sonda xatirə şəkli çəkdirildi.

 

*****

 

9

İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur

 

Prezident İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılmışdır. Odur ki, dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərində qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində də üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Ağdaşda salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Qeyd olundu ki, Bayraq Meydanının inşasına ötən ilin fevralında başlanılmış və bu ilin aprelində sona çatdırılmışdır. Bayraq dirəyinin hündürlüyü 52 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Meydan inşa olunarkən burada Azərbaycan milli memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir.

Bayraq Meydanının ərazisində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ağdaş sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılmışdır.
*****

 

8

İlham Əliyev 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak etmişdir.

Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu tapşırıqların icrası uğurla davam etdirilir.

Bütün bunların nəticəsidir ki, 10 il əvvəl ölkədə mövcud olan enerji problemləri respublikanın müxtəlif bölgələrində yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılmışdır. Dövlətimizin başçısının sərəncam və tapşırıqları əsasında, həmçinin birinci və ikinci Dövlət proqramları çərçivəsində son on ildə Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilmişdir. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada tikintisi yenicə başa çatmış 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyası da bölgə üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, “Ağdaş” yarımstansiyasının inşası, onun 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli “Abşeron yarımstansiyası – Mingəçevir Su Elektrik Stansiyası” hava xəttinin tikintisi” layihəsi Prezidentin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biridir. Bu layihəyə əsasən 1949-cu ildə istifadəyə verilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar resurslarını tamamilə başa vurmuş 220 kilovoltluq 1-ci və 2-ci Mingəçevir hava xətləri yeni xətlərlə əvəz olunmuş və yeni 220 kilovoltluq “Ağdaş” yarımstansiyası inşa edilmişdir. Xəttin inşasında istifadə edilən xüsusi gücləndirilmiş, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, yarımstansiyanın metal konstruksiyaları və digər köməkçi avadanlıqlar Sumqayıt Texnologiyalar Parkında istehsal olunmuşdur. Yarımstansiyada ən müasir elektrik avadanlığı quraşdırılmışdır. Bu, respublikada sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilmişdir. Bu da ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artıracaqdır.

İnzibati bina ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, yarımstansiya iki avtotransformatordan, 2 açıq paylayıcı quruluşdan, idarəetmə mərkəzindən, xüsusi sərfiyyat üçün 2 transformatordan, ehtiyat xüsusi sərfiyyat mənbəyi olan dizel-generatorundan, qəza yağ qəbuledici tutumundan, yanğından mühafizə sistemindən və digər komponentlərdən ibarətdir.

Bildirildi ki, tikinti zamanı yarımstansiya və xətlərdə 250-dən artıq işçi çalışmışdır. İstismara verildikdən sonra yarımstansiyada 25-ə yaxın işçi daimi işlə təmin olunacaqdır. Bütövlükdə bu layihənin icrasının başa çatması nəticəsində 500 kilovoltluq “Abşeron” yarımstansiyası ilə Mingəçevir Su Elektrik Stansiyası arasında əlaqələr güclənəcək, texniki itkilər xeyli azalacaq və ümumilikdə, aran bölgəsinin, o cümlədən Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

 

****

 

85

İlham Əliyev Ağdaşda Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

 

Prezident İlham Əliyev Ağdaşa səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət edilir. Ölkəmizin şəhər və rayonlarında aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Ağdaş şəhərindəki Heydər Əliyev parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən Ağdaşda da yenilənən Heydər Əliyev parkı ilk növbədə rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və Ağdaşın mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayon sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazidə yerləşən Heydər Əliyev parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Ötən dövrdə bu parkda aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılmışdır. Yenidənqurma işlərindən sonra Heydər Əliyev parkı özünəməxsus elementlər və formalarla zənginləşdirilmişdir. Ərazidə yeni yollar və cığırlar salınmışdır.

Parkda yaradılan iki süni göl və 11 fəvvarə bu istirahət məkanının gözəlliyini daha da artırmışdır. Burada müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom yaradılmışdır.

Görülən işlər çərçivəsində açıq fitnes, 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulmuş, müasir dizaynda oturacaqlar qoyulmuşdur. Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, geniş ərazidə çəmənlik salınmışdır.