PREZİDENT: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır”

2

“Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır”.

XALQ.AZ-ın məlumatına görə, bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir:

“Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, amma bu gün dünya da bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz əldə etmişik – öz hesabımıza, güclü iqtisadiyyat hesabına. Çünki əgər güclü iqtisadiyyat olmasaydı, bütün bu işləri görə bilməzdik. Bu gün bax bu yaradılan hərbi şəhərcik bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

Prezident bildirib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.

Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli çox sadədir:

“Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir”.