Prezident və ailə üzvləri “DÇ-2018”in açılış mərasimində

İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Prezident xanımı və qızı ilə çempionatın açılış mərasimində

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçilib. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirilib.

Britaniyalı müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə əzəmət qatıb.

Açılış mərasiminin prodüseri Rusiyanın Birinci kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat dünya çempionu, braziliyalı futbolçu Ronaldo da açılış mərasiminə qatılıb.

Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə çıxış edib.

Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın əfsanəvi “Lujniki” stadionunda salamlayaraq dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə tərik edib. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə edib. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirib. “Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü – futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”, – deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğulayıb.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını söyləyib.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Xatırladaq ki, açılış mərasimini “Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.

Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başlayıb.

Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü olub.

FIFA dünya kubokunun ilk matçı olduğundan bütün diqqətlərin yönəldiyi qarşılaşma Bakı vaxtı ilə saat 19-da start götürüb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin və digər dövlət və hökumət başçıları həmin görüşü izləyirlər.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.