Prezident Gədəbəyə səfər edib

11

 

İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Gədəbəy rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verdi.

 


12

İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidentini Gədəbəy aşıqları öz ifaları ilə salamladılar.

Prezident İlham ƏLİYEV dedi:

  • Salam. Xoş gördük. Nə var, nə yox? Necəsiniz?

Aşıq İsfəndiyar RÜSTƏMOV:

Xoş gəlibsiniz bu diyara,
Heydər oğlu İlhamımız.
Mən qurbanam o boyuna,
Heydər oğlu İlhamımız.

Gələn yolun, qədəmlərin mübarək,
Hər təzə ayların, ilin mübarək.
Müstəqil dövlətin, elin mübarək,
Yaşa, Heydər oğlu, yaşa, min yaşa.

Bizim xalqın Sizə var məhəbbəti,
Bu dağların tükənməzdir sərvəti.
Aşıq İsfəndiyar edir niyyəti,
Mehriban xanımla ömür sür başa,
Yaşa, Heydər oğlu, yaşa, min yaşa.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Aşıq İsfəndiyar RÜSTƏMOV: Boyuna qurban olum. Xoş gəlmisən. Bu saz müqəddəs olduğuna görə mən bu sazı Gədəbəy aşıqları adından Sizə bağışlayıram.

Dövlətimizin başçısına Gədəbəy aşıqları adından saz hədiyyə olundu.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm.

Aşıq İsfəndiyar RÜSTƏMOV: Möhtərəm Prezidentimiz. Bu binanı Siz tikdirdiniz. Sizin verdiyiniz hər tapşırıq, Sərəncam qəlbimizdədir. Allah Sizi qorusun!

Bizim Gədəbəy artıq dəyişib. Şəhərə oxşayır. Bulaqlar, sular çəkilir, körpülər tikilir. Qadan alım, bunların hamısı Sizin hünərinizin bəhrəsidir. Sizə minnətdaram.

Prezident İlham Əliyev Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərək dedi:

  • Çox sağ olun. Şadam ki, yenidən görüşürük. Bax, bu məktəbin açılışında bərabər toplaşmışıq. Xatırlayırsınızsa, bu məktəbin təməl daşını biz bərabər qoyduq.

Çox şadam ki, artıq gözəl, göz oxşayan bir məktəb tikilmişdir. Bu məktəbin tikintisi o deməkdir ki, aşıq sənəti yaşayır və yaşayacaqdır.

Əlbəttə ki, məktəbdə oxuyan şagirdlər, uşaqlar, gənclər bu sənəti gərək yaşatsınlar. Sizdən nümunə götürüb bu sənəti yaşatsınlar. Çünki aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir. Əlbəttə ki, sizin kimi istedadlı aşıqların fəaliyyəti, sizin əməyiniz gələcək nəsillər üçün də örnək olmalıdır. Çünki gənc nəsil vətənpərvərlik ruhunda və milli ruhda tərbiyə almalıdır. Həmişə gənclərlə görüşlər zamanı bunu qeyd edirəm ki, gənclər bilikli, Vətənə bağlı olmalıdırlar, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir. Milli ruh bizim musiqimizdir, muğam sənətidir, ədəbiyyatımızdır, xalçaçılıq sənətidir. Azərbaycanın bu sənəti bizim böyük sərvətimizdir, dünyanın sərvətidir.

Xalçaçılıq sənəti – onun vətəni Azərbaycandır. Aşıq sənətinin vətəni Azərbaycandır. Muğamın vətəni Azərbaycandır.

Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu sənəti Siz yaşadırsınız və gənc nəsillərə əmanət edirsiniz. Ona görə, bu məktəbin tikintisi çox böyük məna daşıyır. Təsadüfi deyil, mən ikinci dəfə burada olarkən məsələ qaldırıldı ki, belə məktəbin tikintisinə ehtiyac vardır. Məktəbin təməl daşını bərabər qoyduq. Bu gün isə məktəbin açılışında bərabər iştirak edirik. Yəni, Azərbaycan dövləti gücləndikcə əlbəttə ki, məktəblərin tikintisi, musiqimizin, mədəniyyətimizin inkişafı ilə bağlı daha da ciddi addımlar atılacaqdır. Çünki bu, bizim gələcəyimizdir. Azərbaycan dövləti güclü, müasir dövlətdir. O dövlətdir ki, milli köklər üzərində qurulubdur. Ulu öndər Heydər Əliyevin dünyagörüşü bundan ibarət idi ki, müasir Azərbaycan, dövlətçiliyinin əsasları ancaq milli mənəvi dəyərlər üzərində qurulmalı idi və quruldu da.

Belə olan halda xalqımızın gələcəyi çox parlaq olacaqdır. Çünki bizim dövlətçiliyimizin əsasları milli əsaslardır. Bu gün bizim ideoloji əsaslarımız milli əsaslar, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər arasında bizim musiqimiz, ədəbiyyatımız, aşıq sənətimiz xüsusi yer tutur. Aşıq sənəti sadəcə olaraq xalq yaradıcılığı deyildir. Bu, Azərbaycan xalqının ürəyində yaşayan çox böyük dəyərdir. Siz də dəyərli insanlarsınız ki, bu sənəti yaşadırsınız. Ölkəmizin hər bir yerində milli musiqi, ədəbiyyat inkişaf edir. Bizim musiqimiz çox gözəldir və dünya miqyasında tanınır. Ədəbiyyatımız, kitablarımız, tarixi abidələrimiz – bizim dövlətimiz nə qədər zəngindir, xalqımız nə qədər istedadlıdır! Bütün bunlar xalqımızın istedadının məhsuludur. Ona görə, bu gün təkcə Gədəbəy üçün deyil, ölkəmiz üçün əlamətdardır. Çünki gözəl, yaraşıqlı məktəb açılır və bu məktəbdə oxuyacaq uşaqlar, gənclər bu sənəti yaşadacaqlar.

Gədəbəy rayonunda olarkən, bir məsələni vurğulamaq istəyirəm ki, hər yerdə olduğu kimi, burada da inkişaf gedir, quruculuq vardır, abadlıq işləri aparılır. Mən xatırlayıram ki, bu küçə tamamilə başqa görkəmdə idi. İndi binalar bərpa edilir, küçələr salınır. Bu gün buraya gələrkən körpünün açılışında iştirak etmişəm. Kənd yolu çəkilir. Təqdimatda göstərildiyi kimi, heç vaxt yol olmayan yerlərdə 56 kilometr uzunluğunda kənd yolları tikilir. Torpaq yol olmuşdur, insanlar əziyyət çəkirdilər. İndi kənd yolu çəkilir. İçməli su layihəsi icra ediləcəkdir. Biz mütləq Gədəbəy şəhərini təmiz içməli su ilə təmin edəcəyik. Hesab edirəm ki, gələn ilin sonuna qədər bu layihənin əsas hissəsi başa çatmalıdır. Bir müddət bundan əvvəl kəndlərə qazın verilməsi başlamışdır. Onu da qeyd etməliyəm ki, bir qədər ləng gedir. Daha da sürətli getməlidir ki, əksər kəndlər qazlaşdırılsın. Məktəblər, binalar tikilir. Şəmkir-Gədəbəy yolu yaxşı vəziyyətdədir, rahat yoldur. Növbəti illərdə yeni kənd yollarının tikintisi də nəzərdə tutulub. Bu gün mənə bu məsələ təqdim olundu. Göstəriş veriləcəkdir ki, bütün kəndlərə gedən yollar yenidən qurulsun, Gədəbəy rayonu daha da sürətlə inkişaf etsin, burada insanlar daha da rahat, xoşbəxt, rifah, əmin-amanlıq içində yaşasınlar. Necə ki, bu gün bütün Azərbaycan vətəndaşları rifah, sülh, əmin-amanlıq içində yaşayırlar. Bizim inkişafımızın əsas səbəbi məhz budur. Sabitlik, əmin-amanlıq, cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən cəhətdir.

Sizi bir daha alqışlayıram, salamlayıram, aşıqlara öz dərin hörmətimi bildirmək istəyirəm, sizə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Professor Məhərrəm QASIMLI Gədəbəyin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

  • Cənab Prezident, Gədəbəyimizə xoş gəlmisiniz. Biz bu gün çox böyük bir mədəni-tarixi hadisənin iştirakçısıyıq. Əlbəttə, belə bir möhtəşəm sarayın qurulması sözün həqiqi mənasında çox əzəmətli bir tarixi hadisədir. Bildiyimiz kimi, ozan-aşıq mədəniyyəti, bayaq siz də çox gözəl dediniz, bizim milli mənəvi varlığımızın əsas göstəricilərindən biridir. Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətini milli varlığımızın mötəbər qaynağı olduğunu xüsusi qeyd etmişdir. Bu söz Dədə Qorqud ensiklopediyasında qızıl hərflərlə keçir.

Bu gün o ideya, o düşüncə bu sarayın simasında öz əyaniliyini bir daha tapır. Biz Sizə təşəkkür edirik ki, Sizin dövrünüzdə Azərbaycanın milli sərvətləri qeyri-maddi irs olaraq UNESCO səviyyəsində öz təsdiqini tapdı. Allah Mehriban xanımın canını sağ etsin ki, bu fədakarlığı çox səylə həyata keçirdi və doğrudan da, bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə deyil, mədəni-mənəvi sahədə də çox böyük quruculuq işləri gedir. Bizim sazımız, sözümüz, muğamımız, xalça sənətimiz, Novruz bayramı ilə bağlı olan proseslər bunun hamısının ifadəsidir. Biz bəlkə də hadisələrin içərisində olduğumuz üçün bunun möhtəşəmliyini o qədər də görə bilmirik, amma kənardan gələnlər, xarici qonaqlarımız Azərbaycanı heyrət içərisində seyr edirlər. Bu, çox böyük uğurdur. Bu, Sizin sayənizdə, Sizin ulu Heydər Əliyev siyasətini, onun strateji hədəflərə yönəlmiş siyasətini gerçəkləşdirməkdə əldə etdiyiniz uğurların nəticəsidir. Biz Sizə çox təşəkkür edirik. İnşallah sazımız-sözümüz hər zaman Sizinlə bir yerdə olacaqdır. Əlbəttə, ustadımızın da dediyi kimi, saz çox müqəddəs alətdir. Qoy sazın ruhu, sazı qoruyan ruh, ulu ozanların ruhu hər zaman sizə yardımçı olsun, onun işığı, xeyiri, bərəkəti Sizinlə bir yerdə olsun. Biz Sizə dərin təşəkkür edirik ki, sazımıza, sözümüzə, aşıq sənətinə belə gözəl, əzəmətli sarayı bəxş etdiniz. İnanırıq ki, siz Bakımızda da aşıqlar üçün belə gözəl bir saray tikdirəcəksiniz. Buna da şübhəmiz yoxdur. Çünki Siz sazın, sözün, mənəviyyatımızın dostusunuz. Biz Sizinlə fəxr edirik. Siz burada qeyd etdiniz ki, aşıq məktəbi gənclər üçündür, gələcəyimiz üçündür. Burada gənclərimiz dayanıblar. Sizin sözünüzə qüvvət olaraq indi onlar ifa edəcəklər. Siz gənclərin dostu olan bir Prezidentsiniz. O mənada gəncləri də dinləməyinizi xahiş edirik.

X X X

Sonra Prezident İlham Əliyev gənc aşıqların ifasını dinlədi.

X X X

Daha sonra xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev Gədəbəy Aşıq Musiqisi Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bu musiqi ocağının təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Bildirildi ki, bu ilin iyununda başa çatdırılan tikinti işləri çərçivəsində ikimərtəbəli binada bütün şərait yaradılmışdır. Musiqi məktəbində inşaat işləri “Lider Monolit” şirkəti tərəfindən həyata keçirilmişdir. Burada kitabxana və qiraət zalı yaradılmış, musiqi xəzinəsini özündə əks etdirən kitab və nəşrlərlə zənginləşdirilmişdir. Sahəsi 194 kvadratmetr olan 121 yerlik akt zalı, həmçinin səhnə zəruri avadanlıqla təchiz olunmuşdur. Burada səsyazma studiyası da qurulmuşdur. Məktəbdə köməkçi otaqlarla yanaşı, qrim otağı, yeməkxana da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Bu musiqi məktəbinin özəlliyini artıran mühüm amillərdən biri də burada aşıq musiqi sənəti ilə bağlı muzeyin yaradılmasıdır. Muzeydə Gədəbəy aşıqları, o cümlədən ölkəmizin tanınmış saz ustadları haqqında məlumatlar toplanmışdır. Bundan əlavə, aşıq sənətinə dair müxtəlif eksponatların nümayiş etdirildiyi muzey zənginliyi ilə diqqəti cəlb edir. Hazırda rayonda 150-dən çox aşıq vardır. Binanın ikinci mərtəbəsində divarda Azərbaycanın tanınmış aşıqlarının fotoları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə aşıq sənətinin inkişafı ilə bağlı sərəncamlarının surətləri asılmışdır.

Dövlətimizin başçısı Aşıq Musiqisi Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirdi.


13

İlham Əliyev Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı körpünün yerləşdiyi avtomobil yolunun sxematik planı ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, körpü Gədəbəy şəhərinin girişində, Şəmkir-Gədəbəy magistral avtomobil yolunun 42-ci kilometrliyində yerləşir. Çolpan çayı üzərində 1988-ci ildə tikilən üçaşırımlı, 60 metr uzunluğunda olan körpü uzunmüddətli istismardan və təbii aşınmalardan sonra qəzalı vəziyyətə düşmüşdü. Gədəbəy şəhərinə giriş üçün alternativ yol olmadığından yeni körpünün tikilməsinə zərurət yaranmışdı. Körpünün tikintisinə 2012-ci ilin noyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Yenidən qurulan körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Körpünün uzunluğu 95 metr, eni isə 14 metrdir. Dördaşırımlı körpü Gədəbəy şəhərinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin rayonun iqtisadiyyatının və turizmin inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycan Prezidenti Gədəbəydə aparılan abadlıq-quruculuq işlərindən bəhs edən videoçarxa baxdı.

Qeyd edildi ki, körpü ilə yanaşı, Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolu da yenidən qurulmuşdur. Yoldakı hərəkət zolaqlarının eni 11,5, piyadalar üçün nəzərdə tutulmuş səkilərin eni 2,5 metrdir. Birinci mərhələdə yolun Gədəbəy-Novosaratovka hissəsi yenidən qurulmuşdur. Yeni yol yatağı tikilərək üzərinə asfalt-beton örtük salınmışdır. Sel sularının təsirindən uçmuş yol kənarları bərpa edilmişdir. Yolun bu hissəsinin uzunluğu 27 kilometrdir. İki hərəkət zolaqlı yolun eni 7 metrdir. Hazırda yolun bu hissəsində tikinti işləri tamamlanmışdır. İkinci mərhələdə yolun Novosaratovka-Qaravəlilər hissəsi çəkiləcəkdir. Bu hissənin uzunluğu 29 kilometrdir. Layihəyə uyğun olaraq 10 metr enində torpaq yatağının üzərində eni 6 metr olan ikizolaqlı yol tikiləcəkdir. Bundan əlavə bəzi hissələrdə beton suaxıdıcı novların, yol çiyinlərinin, bəzi hissələrdə isə metal sədlərin tikilməsi nəzərdə tutulmuşdur. Yolun bu hissəsində hazırda tikinti işləri davam etdirilir. Hər iki layihə “Gəncəkörpütikinti-2” ASC tərəfindən uğurla icra olunmuşdur.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.


14

İlham Əliyev Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir.

Bildirildi ki, yeni zavodun tikintisinə ötən il başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaqdır ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaqdır. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilmişdir.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilmişdir. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulmuşdur.

Bildirildi ki, Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olmuş, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilmişdir. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılmışdır. Həmin dövrdə Almaniyanın “Siemens” şirkəti yataqda mis hasilatı ilə məşğul olmuş, təxminən 2 milyon ton filiz çıxarılmışdır. 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev zavodu işə saldı.

Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi


85

İlham Əliyev Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin ümumi dəyəri 4,1 milyon manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilmişdir. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilmişdir. Soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın təmin olunmasına imkan yaradacaqdır. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnologiyası əsasında qurulmuşdur. Burada Gədəbəy və ətraf rayonlardan tədarük olunacaq kartofun yuyulması, çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan çıxarılaraq doğranmış formalarda vakuum qablaşdırılması həyata keçiriləcəkdir. Bildirildi ki, istehsal olunacaq süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Müəssisənin xammal bazası yerli fermerlərdən tədarük olunacaq məhsullar hesabına təmin ediləcəkdir. Bu layihələrin icrası nəticəsində 74 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Prezident İlham Əliyevə kompleksin tərkibində fəaliyyət göstərən və regionun digər rayonlarında olan istehsal və emal müəssisələri barədə məlumat verdi. Bildirildi ki, Gəncədə “Elba” və “Halal Qida” brendi ilə 5 növdə, 30-a yaxın çeşiddə kolbasa və sosiska, 2 çeşiddə yarımfabrikat – çiy və bişməmiş dönər istehsal edən, illik istehsal gücü 5 min ton olan ət emalı fabriki, Daşkəsəndə illik istehsal gücü min ton olan ət kəsimi fabriki və min tonluq soyuducu anbar, Samuxda illik istehsal gücü 1,6 min ton olan broyler fabriki fəaliyyət göstərir. Hazırda Gəncədə illik 12 min ton ət kəsimi və 3,2 min ton ət emalı gücünə malik olan, Almaniya və Türkiyə texnologiyası əsasında müasir ət kəsimi və emalı fabriki də inşa olunur. İstehsal olunan ət məhsullarının Gəncə-Qazax iqtisadi rayonu ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da satışı həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış dövlət güzəştli kredit vəsaitləri mühüm rol oynayır.

Dövlətimizin başçısı gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, müasir texnologiyalar əsasında qurulan süd emalı müəssisəsində ilkin olaraq pendir, qatıq, xama və digər süd məhsullarının istehsalı nəzərdə tutulur. Gələcəkdə İsveçrənin “Tetra Pak” şirkətinin müasir avadanlığı ilə təchiz edilməklə süd məhsullarının ekoloji təmiz qablaşdırılması və daha uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi planlaşdırılır. Burada istehsal olunan məhsullar “Gədəbəy” brendi adı altında buraxılacaqdır.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.