Prezident ilə jurnalistlər arasında media müstəvisində bir dialoq yaranıb

84

 

 

“Hesab edirəm ki, əgər biz inkişaf ediriksə, iqtisadi gücümüz günü-gündən artırsa və yaxın vaxtlarda inkişaf etmiş ölkələr sırasına daxil olacayıqsa, bu, ölkə mediasının inkişafı ilə paralel şəkildə olmalıdır”

 

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun SƏS TV-yə müsahibəsi:

  • Əflatun müəllim, “Jurnalistlərin dostu” mükafatına layiq görülən Prezident İlham Əliyev çıxışında Azərbaycanda müstəqil medianın inkişaf etdiyini xüsusi vurğulayıb. Eyni zamanda, daha öncəki çıxışında medianı ikinci hakimiyyət adlandırıb. Sizcə, mediamız gələcək illərdə ikinci hakimiyyət kimi özündə hansı ehtivaları əks etdirəcək?

  • Noyabrın 24-də Azərbaycanın jurnalistika və ictimai-siyasi həyatında çox mühüm hadisə baş verdi. Cənab Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri ilə görüşdü. Həmin görüşdə KİV nümayəndələrinin birgə qənaətə gəldiyi “Jurnalistlərin dostu” mükafatı dövlət başçısına təqdim olundu. Təbii ki, bu çox böyük hadisə idi. Artıq ölkə rəhbəri ilə jurnalistlər arasında media müstəvisində bir dialoq yarandı. Eyni zamanda bu dialoq ictimai-siyasi müstəviyə də sirayət etdi. Cənab Prezident həmin görüşdə media ilə bağlı öz fikirlərini bir daha redaktorlara çatdırdı. Gəlin görək bu fikirlər nədən ibarət idi? Azərbaycan dövləti üçün onun mediası hansı əhəmiyyət kəsb edir və etməlidir? Ölkə başçısı birmənalı olaraq vurğuladı ki, Azərbaycan dövləti ölkədə azad və müstəqil mətbuatın mövcudluğunda, inkişafında maraqlıdır və biz getdikcə inkişaf edirik. Hesab edirəm ki, əgər biz inkişaf ediriksə, iqtisadi gücümüz günü-gündən artırsa və yaxın vaxtlarda İnkişaf etmiş ölkələr sırasına daxil olacayıqsa, təbii ki, bu, ölkə mediasının inkişafı ilə paralel şəkildə olmalıdır. Dövlət başçısı birmənalı qaydada medianın cəmiyyətdəki rolundan danışdı. Cənab Prezident media ilə bağlı danışarkən İnternet resurslarına da toxundu. Bildirildi ki, ölkə əhalisinin 70 faizdən çoxu internetə çıxarılıdır. Qeyd edildi ki, ölkənin hər bir yerindən hər hansı hadisə ictimaiyyətə tez bir zamanda yayılır. Belə bir məqamda isə media nəinki dördüncü hakimiyyət artıq bir neçə pillə irəliyə gedərək ikinci hakimiyyətə çevrilir. Ölkədə baş verən olaylar bu və ya digər mənada artıq İnternet mediada öz əksini tapır. Təbii ki, bunun da ölkədə demokratik proseslərin inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, Azərbaycan jurnalistlərinə, cəmiyyətinə yönələn ən mühüm mesajlardan biri idi. Daha sonra cənab Prezident medianın cəmiyyətdəki rolunu vurğulayarkən onun neqativ hadisələrlə bağlı – korrupsiyaya qarşı mübarizədə KİV-də gedən informasiyaların böyük əhəmiyyətindən danışdı. MŞ-ya çoxsaylı şikayətlər daxil olur ki, bunun da bir qismi məmurlar tərəfindən olur. Belə ki, məmurlar özlərinə aid yazılarla mediadan narahatçılıqlarını dilə gətirirlər. Təbii ki, biz o şikayətləri araşdırırıq. Məlum olur ki, bəzi məqamlarda jurnalist hansısa məlumatı əldə etməyə çalışır amma bunu edə bilmir. Sonda isə həmin jurnalist material hazırlayarkən bu müəyyən qüsurlarla nəticələnir. Belə məqamlarda MŞ-da bu şikayətlərə baxılır və məmurlara tövsiyyə edilir ki, əgər hər hansı bir jurnalist material hazırlayarkən onlara informasiya verilməlidir. Təbii ki, qurumların fəaliyyəti, neqativ hallarla bağlı bütün məlumatlar cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi izlənilir. Bununla belə dövlət başçısı tərəfindən media müstəvisindən ictimai-siyasi müstəviyə müəyyən mesajlar ötürüldü. Bəs gəlin görək bu nədən ibarət idi? Əgər Azərbaycanda problem, fikir müxtəlifliyi varsa, bunlar xaricə ötürülməməli, eləcə də xaricdən ölkəmiz qarşı təzyiq metodu kimi tətbiq edilməməlidir. Azərbaycanın öz daxilində bu məsələlər müzakirə olunmalı və həlli yolları tapılmalıdır.

  • Bununla belə qəzetlərin satışı, onların maddi texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə başçısının çıxışı mətbuatda hansı dəyişikliklərə gətirib çıxara bilər?

  • Təbii ki, bu görüşdə medianın problemlərindən də söhbət açıldı. Bunlardan birincisi, qəzetlərin paytaxt Bakı şəhərində yayımı ilə bağlı idi. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu barədə öz mülahizələrini bölüşdü. Cənab Prezident İlham Əliyev də birbaşa həmin görüşdə göstəriş verdi ki, bu sahədə heç bir problem ola bilməz. Əgər problemlər varsa, onlar təcili olaraq araşdırılmalı və aradan qaldırılmalıdır. Hesab edirəm ki, bu məsələlər çox yaxın günlərdə öz həllini tapacaq. Bundan başqa MŞ reklamla bağlı məsələləri diqqətdə saxlayır. Biz bu məsələni də yaxın günlərdə müzakirə edib, onun həllini yollarını axtaracayıq. Burada iki istiqamət mövcuddur. Birincisi, özəl şirkətlərin reklamlarıdır ki, bu da könüllülük əsasında verilən reklamlardır. KİV-lə birbaşa həmin qurumlar arasında münasibətlərin möhkəmlənməsi diqqəti daha çox cəlb etməlidir. Digər bir məqam Türkiyə təcrübəsidir ki, bu da rəsmi qurumların elanlarının siyasi yöndən asılı olmayaraq ayrı-ayrı KİV-də bölünməsidir. Artıq Azərbaycanda bunun da həllinə nail olunmasına başlanılıb.

  • Son zamanlar belə bir fikir formalaşıb ki inernet media çap mediasını zaman-zaman sıradan çıxaracaq. Buna münasibətiniz. Bu nə dərəcədə həqiqəti özündə əks etdirir?

  • Bununla bağlı bu sahənin bir çox mütəxəssisləri fikirlər söyləyib. Bir zamanlar radio yaranarkən düşünülürdü ki, qəzetlər sıradan çıxacaq. Sonradan isə televiziya yaranarkən qəzet və radionun sıradan çıxacağı ilə bağlı fikirlər səsləndi. Ancaq görünür ki, bu heç də belə deyil. Biz İnternet medianın (online medianın) cəmiyyətdə yerini müəyyənləşdirməliyik. Təbii ki, klassik jurnalistikanın öz yeri olmalıdır. Klassik jurnalistika daha çox analitik yazılara fikir verməlidir. Bununla belə İnternet jurnalistika operativ jurnalistika sayılır. Hətta belə bir fikir var ki, hər insan jurnalist ola bilər. Belə ki, həmin insan öz mobil telefon vasitəsilə yolda gördüyü bir hadisəni tez çəkərək “youtuba” qoya bilər. Bu da xeyli sayda insanların tanış olması nəticəsində jurnalist materialına çevrilə bilər. Jurnalistin missiyası ondan ibarətdir ki, hadisələrlə insanları məlumatlandırsın. İnternet jurnalistika əsasən analitik yazıları vermir, əksinə gündəlik operativ xəbərləri verir. Artıq dünyada klassik jurnalistika ilə İnternet jurnalistikanın sərhədləri ayrılmağa başlayıb. İnternet jurnalistika yalnız xəbər portalları deyil. 200 minə yaxın insan artıq İnternet radio və televiziyalara üstünlük verirlər. 1 milyondan çox insan “facebook”da bir-biri ilə əlaqə saxlayır. Azərbaycanda təqribən 30 min bloqqer öz fikirlərini bölüşməkdədir. Təbii ki, belə olan məqamda yazılı, çap mətbuatının da yeri qalacaq. Ötən il Amerika Birləşmiş Ştatlarında (ABŞ) 150-dən çox qəzet bağlandı. Hazırda dünyada qəzet oxuyanların yaşı 30-50 arasındadır.

  • Ölkədə jurnalistlərin peşəkarlığını qənətbəxş saymaq olarmı? Peşəkar jurnalistlərin formalaşması üçün xüsusi institutların açılmasına ehtiyac varmı?

  • Biz hələlik yaş baxımından keçid dövrünü yaşayırıq. Jurnalistlərin bir hissəsi Sovet dönəmində digər qismi isə müstəqillik dövründə təhsil alıb və işləyirlər. Təbii ki, onların dünya görüşlərində də müəyyən fərqlər hiss olunur. Eyni zamanda təhsil ocaqlarında ədəbiyyatın hazırlanması, proqramların tərtib olunması, xarici təcrübədən istifadə və tələblərə cavab verən müəllimlərin nə dərəcədə yetkin olması onların sayları baxımından çox azdır. Bütün bunlar bu gün Azərbaycan mətbuatının inkişafına mənfi təsir göstərir. İnternet portallarına nəzər salaq görərik ki, bu sahədə səriştəsi olmayan insanlar kifayət qədər çoxdur. İnsanların şərəf və ləyaqətini alçaldan, işçilərin nüfuzlarına xələl gətirən materiallar geniş yayılıb. İl ərzində həmin insanlardan MŞ-ya 700-1000 minə yaxın şikayət daxil olur. Bütün bunlar onu göstərir ki, bizdə peşəkarlıq yetərli səviyyədə deyil. Hesab edirəm ki, jurnalistika fakultəsində təhsil alacaq tələbələr ilk öncə qabiliyyət imtahanları verib daha sonra tələbə olsalar, bu daha məqsədəuyğun olar. Çox təəssüf ki, indiki zamanda insanlar test üsulu ilə təsadüfən jurnalistika və yaxud digər fakultələrə qəbul olunurlar. Biz jurnalistika fakultəsinin tələbələri ilə görüşərkən bunların şahidi oluruq.

  • Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondundan (KİVDF) mətbu orqanlara ayrılacaq məbləğdə artım gözlənilirmi?

  • KİVDF-dən mətbu orqanlara ayrılan məbləğdə artım olsa da bu, çox cüzi idi. Ümumiyyətlə, dünyanın heç bir yerində KİVDF kimi ayrıca Fond yoxdur. Eləcə də dünyanın heç bir yerində hansısa dövlət KİVDF-nin İnkişaf konsepsiyasını qəbul etməyib. Bu konsepsiya çox mühüm bir sənəddir. Həmin konsepsiyada nəzərdə tutulan məsələləri həyata keçirmək üçün Fond yaranıb. Gördüyünüz kimi, KİVDF-də jurnalistlər arasında müsabiqələr təşkil edərək qalibləri maliyyələşdirir. Təbii ki, həmin konsepsiyada bir sıra məsələlər də nəzərdə tutulub. Bura uzunmüddətli az faizli kreditlərin, subsidiyaların verilməsi daxildir. Biz də arzu edirik ki, Fondun büdcəsi artsın. Bununla da biz nəinki yazılı mətbuat vasitələrini maliyyələşdirə bilərik, eləcə də müəyyən ehtiyaca malik olan İnternet resurslarını da maliyyələşdirmək mümkündür.

  • Əflatun müəllim, regional mediaya (qəzet və informasiya portallarına) dövlət tərəfindən yardımın ayrılması nə vaxta nəzərdə tutulur?

  • Əgər KİVDF jurnalistlər arasında müsabiqələr keçirirsə, hər istiqamət üzrə 3 yer nəzərdə tutulur. Sonuncu yerlərdə məbləğlər (1000 min AZN) eynidir. Bu yer daha çox regional qəzetlər üçün nəzərdə tutulub. Siz fikir versəniz görərsiniz ki, qaliblər arasında regional qəzetlərin də nümayəndələri olur. Ümumilikdə isə dövlət KİV-i maliyyələşdirmir. Fond əsasən müstəqil KİV-i maliyyələşdirir. Hətta şahidi oluruq ki, burada bir sıra siyasi partiyaların qəzetləri də maliyyələşir. Dövlət ona görə onları maliyyələşdirir ki, həmin qəzetlər KİVDF-dən aldığı köməkdən istifadə edərək özlərinin iqtisadi siyasətini şəffaf qursunlar və bazar siyasətinə alışsınlar. Amma çox təəssüf ki, regionlarda fəaliyyət göstərən qəzetlərin əksəriyyəti icra orqanlarının mətbuatına çevrilib. Əgər onlar icra orqanlarının deyil, müstəqil qəzet kimi fəaliyyət göstərsələr, Fond o zaman onlara yardım edə bilər. Ümumiyyətlə tam olaraq əyalət mətbuatının maliyyələşməsi KİVDF-nin büdcəsinin artması ilə şərtlənə bilər.