Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə aparırıq”

 

“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür”.

 

XALQ.AZ xəbər verir ki,  bunu Azərbaycan prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında deyib.  “Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır. “ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda “ASAN”ın çox böyük rolu var. Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba “ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara – təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, – bu mərkəzdən 500 min əhali istifadə edə bilər, – çox yaxşı xidmət göstərəcək”, – deyə o vurğulayıb.

Prezidetn həmçinin qeyd edib ki,   “İndi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb.Keçən il 24 faiz artıb”.“Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlib. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olub. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir”, – deyə o vurğulayıb. “ Dövlət başçısı qeyd edib ki, xalçaçılıq sənətinə çox böyük maraq var: “Ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur. Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq. Əlbəttə ki, ilk növbədə, sənayenin, kənd təsərrüfatının, eyni zamanda, xalçaçılığın inkişafı bizə belə bir imkanlar yaradacaq. Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun. Boyalar, iplər, hətta bütün dəzgahlar, yun tədarükü olacaq. Ona görə bugünkü hadisə çox böyük məna daşıyır. Biz gərək xalçaçılığı bərabər qoruyaq”.

Scroll to top