Prezident İlham Əliyev Latviyada səfərdədir-Fotolar-Yenilənir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.

XALQ.AZ məlumat verir ki,  Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşıladılar.

 

******

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə Azərbaycan-Latviya sənədləri imzalanıb.

XALQ.AZ məlumat verir ki,  bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

 ****

 

Bu gün Riqada Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin geniş tərkibdə görüşü olub.

XALQ.AZ bildirir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

 

 

******

 

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışdı.

Görüşdə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olundu, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edildi. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edildi və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edildi. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olundu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışıldı.

Prezident Raymonds Veyonis vurğuladı ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğuladı.

 

******

 

 

 

 

yulun 17-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının Prezidenti Raymonds Veyonis və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Raymonds Veyonisin
bəyanatı

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu gün burada, Riqada rəsmi səfəri çərçivəsində qəbul edirəm. Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır.

Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər – təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.

Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək. Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Mənə elə gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq.

Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında – Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib – bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər.

Mən Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək.

Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir.

Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik.

Zati-aliləri, çıxışımın sonunda bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm, çox sağ olun.

x x x

Prezident İlham Əliyevin
bəyanatı

- Çox sağ olun, cənab Prezident.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq.

Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.

Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram.

Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.

İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək.

Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir.

Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim.

Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun.

Nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var. Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar.

Cənab Prezident qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir.

Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri – həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir.

Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Öz növbəmdə, Sizi Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sağ olun.

 

******

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçıları abidənin önünə əklil qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

 

******

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Seymində olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Latviya Respublikası Seyminin sədri İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

İnara Murnietse Seymin bir qrup deputatını Prezident İlham Əliyevə təqdim etdi.

Latviya Seyminin sədri Prezident İlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verdi və iclas zalı ilə tanış etdi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzaladı.

Daha sonra Prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü oldu.

Latviya Seyminin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Bakıya səfərini məmnunluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin də ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi. Latviya parlamentinin sədri ilə Bakıda görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirdi. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışdı. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Latviyanın uğurla əməkdaşlıq etdiklərini deyən Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxundu, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğuladı.

Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirdi. Latviyanın mövqeyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətli ilə nəticələnən son hadisədən təəssüfləndiyini bildirdi və qeyd etdi ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir.

Prezident İlham Əliyev təmas xəttində mülki əhalinin qətli ilə nəticələnən son hadisələrdən danışdı, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirdi.

******

İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər.

Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris OZOLS biznes forumda çıxış edərək dedi:

-Zati-aliləri Latviya Prezidenti cənab Raymonds Veyonis.

Zati-aliləri Azərbaycan Prezidenti İlham Əliyev.

Hörmətli xanımlar və cənablar, nazirlər, səfirlər.

Bu gün dostlarımız burada – Riqadadırlar. Bu, ölkələrimizin burada birlikdə biznes əlaqələrini yaxşılaşdıra biləcəkləri gözəl fürsətdir. Mən bu forumun təşkilinə görə Azərbaycanın İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna da təşəkkür etmək istəyirəm. Burada şirkətlərin nümayəndələri çoxdur, çünki bizim əməkdaşlığımıza çoxları maraq göstərir. Biznes forumda yüzdən çox Latviya sahibkarı iştirak edir. Onlar yeyinti məhsulları istehsalı, kənd təsərrüfatı, turizm və digər sahələri təmsil edirlər.

Azərbaycanda deyirlər ki, etibarlı dost heç vaxt yada çevrilməyəcək. Biz Azərbaycan ilə yaxşı dostlarıq. Bu il Latviya Prezidenti Azərbaycana səfər edib və onu çox mehriban qarşılayıblar. Biz əməkdaşlığımızla çox fəxr edirik.

x x x

Sonra dövlət başçıları biznes forumda çıxış ediblər.

Prezident Raymonds Veyonisin
çıxışı

-Zati-aliləri cənab Prezident.

Hörmətli sahibkarlar, xanımlar və cənablar.

Salam hörmətli dostlar.

Xoş gördük əziz dostlar. Mən sizi Riqada Latviya-Azərbaycan biznes forumunda salamlayıram. Mənim bir neçə dəfə Azərbaycana səfər etmək, zəngin ənənələri olan bu ölkənin insanlarını tanımaq fürsətim olub. Bu ilin martında Bakıya səfərim yaxşı yadımdadır. Biz cənab Əliyevlə görüşərək Latviya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığı müzakirə etmişik.

Mən vurğulamaq istəyirəm ki, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik. Bunu dövlətlərimizin nümayəndələrinin tez-tez səfərləri, habelə çoxlu sayda yüksək səviyyəli tədbirlər, nəqliyyat, tikinti, təhsil və elm sahələrində imzaladığımız müqavilələr təsdiq edir. Biz çox iş görmüşük. Amma hələ qarşıda daha çox iş var. Biz qarşıya iddialı məqsədlər qoymalı və imkanlardan tam istifadə etməliyik. Bu, xüsusən məhsulumuzun Azərbaycana ixracının təşviqinə, habelə informasiya texnologiyaları, əczaçılıq, turizm, o cümlədən müalicəvi turizm sahələrində əməkdaşlığa aiddir. Latviyada yüksək inkişaf etmiş kommersiya bankları şəbəkəsini nəzərdə tutaraq biz peşəkar və müasir maliyyə xidmətləri təklif edə bilərik.

Eyni sözləri nəqliyyat sahəsi haqqında da demək olar. Latviya çox əlverişli coğrafi mövqeyə malikdir. Ölkəmizdə nəqliyyat infrastrukturu inkişaf edib. Donmayan limanlar, dəmir yolları, aeroportlar bizi Baltik regionu üçün mühüm nəqliyyat qovşağına çevirib.

Artıq bu gün Azərbaycan nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır və biz burada əməkdaşlıq üçün, xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin inkişafında böyük iqtisadi potensial görürük. Biz Latviya ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafına kömək edəcək müntəzəm hava nəqliyyatına böyük maraq göstəririk. Sahibkarlıq fəaliyyəti turizmin inkişafının yaxşı təməli olacaq. Biz iqlim dəyişmələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Bizim ekologiya, habelə tullantıların təkrar emalı, innovativ yaşıl texnologiyalar sahələrində yaxşı təcrübəmiz var. Latviya bərpa olunan enerji resurslarının istehsalı üzrə Avropa İttifaqında liderlərdən biridir. Bizim sərvətimiz insanlarımız, onların bilikləri və elmdir. Biz gələcəyimizi iqtisadiyyatın rəqəmsallaşdırılması, müasir elektron idarəetmə və yeni texnologiyalarla bağlayırıq. Bizim ambisiyalarımız təməlində gələcək onilliklərdə inkişafımızı müəyyən edəcək müasir texnologiyalar duran dövlətə çevrilməkdir. Mən ümid edirəm ki, bu biznes forum gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmaq, fikir və yeni ideya mübadiləsi aparmaq üçün gözəl fürsətdir. Çox sağ olun.

x x x

Andris OZOLS: Cənab Prezident, ruhlandırıcı sözlərə görə çox sağ olun. İndi isə çıxış üçün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi dəvət edirəm. Buyurun, cənab Prezident, söz sizindir.

x x x

Prezident İlham Əliyevin
çıxışı

-Cənab Prezident, hörmətli xanımlar və cənablar.

Əvvəlcə Latviya Prezidentinə bu gözəl ölkəyə məni səfərə dəvət etdiyi üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. Mənim səfərim ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm addımdır. Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar. Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Bu, çox yüksək səviyyəli əməkdaşlıqdır və bəyannamədə bir çox sahələr, o, cümlədən iqtisadi və ticari əməkdaşlıq əhatə olunur.

Prezident, Baş nazir və parlamentin sədri ilə aparılan danışıqların bir qismi ticari və iqtisadi əməkdaşlığımıza həsr olunmuşdur. Böyük potensial mövcuddur. Cənab Prezident bizim ticarət dövriyyəsini çox asanlıqla artıra biləcəyimiz mühüm əhəmiyyət kəsb edən sahələri artıq qeyd etmişdir. Hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması prioritet məsələlərdən biri olacaqdır.

Bilirəm, biznes forum zamanı bir neçə biznes müqaviləsi imzalanacaqdır. Bu müqavilələr isə bizim bu səhər cənab Prezidentlə müzakirə etdiklərimizi əks etdirəcəkdir. İqlim şəraitimizin müxtəlifliyinə görə bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik, siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir.

İqtisadi əməkdaşlığımızın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər. Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır.

Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk. Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Son iyirmi il ərzində Azərbaycana 200 milyard dollardan çox investisiya qoyulmuşdur. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən sabitdir. Bir çox infrastruktur layihələri həyata keçirilməkdədir. Avropada və dünyanın digər yerlərində olan bir çox şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib. Bu, artıq baş verir. Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə 50 faiz azaltmağa imkan verdi.

Bizim iqtisadiyyatı sabit və proqnozlaşdırılan edə bilən əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur. Buna görə də ölkəmiz Latviyaya, Avropaya dost ölkədir. Avropa ölkələri ilə çoxlu biznes əlaqələri var və bu gün imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə bu qəbildən olan on birinci bəyannamədir. Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var. Bu gün biz əsasən meqalayihə olan Şimal-Cənub nəqliyyat şəbəkəsinin həyata keçirilməsi ilə yaranacaq imkanları müzakirə etdik. Bu layihə nəinki təkcə inşaat zamanı iş yerlərini yaradacaq, eyni zamanda, Cənubdan Şimala və Şimaldan Cənuba gedən, ərazilərimizdən keçən yükdaşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz tranzit üçün daha önəmli ölkələrə çevrilərək daha çox faydalar qazanacağıq və əlbəttə ki, bu, biznes şirkətləri üçün çoxlu fürsətlər yaradacaqdır. Həmçinin Azərbaycanın hazırda icra etdiyi vacib layihə və birbaşa Avropa maraqlarına və əlbəttə ki, bizim maraqlara yönələn enerji şaxələnməsi layihəsi olan Cənub Qaz Dəhlizidir. Bu, indi ola bilsin ki, Avropada icra edilməkdə olan ən böyük infrastruktur layihəsidir. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Bu, Avropa İttifaqı bazarını yeni marşrutla və yeni mənbədən Azərbaycan qazı ilə təchiz edəcək layihədir. Bu, həqiqi şaxələnmədir. Çünki enerjinin şaxələnməsi təkcə marşrutların şaxələnməsi demək deyil, bu, əsasən mənbələrin şaxələnməsi deməkdir. Bizim layihədə bu, məhz belədir. Enerji təhlükəsizliyi bizim hamımızın bildiyi kimi, hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda icra etdiyimiz bir çox layihələr sərhədlərimizin hüdudlarından çox kənara uzanır.

Bizim Latviya ilə elə güclü əməkdaşlıq formatımız var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı. Bu gün biz, həmçinin biznes, turistlər, xalqlar arasında əlaqələr üçün çox vacib məsələni müzakirə etdik. Söhbət il ərzində fəaliyyət göstərəcək Bakı və Riqa arasında birbaşa uçuş reysindən gedir. İndi bizim mövsümi reysimiz var, biz onu daimi etmək istəyirik. Bu, əlbəttə ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda, biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət etmək üçün bu reysdən daha müntəzəm istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən çox cəlbedici edəcəkdir. Beləliklə, reys təkcə ölkə rəhbərliyinin qərarı ilə deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış olardı.

Sizin diqqətinizi yönəltmək istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür. Çünki bizim insanlar ola bilsin qızmar yayda sərinləməyə üstünlük verir, latviyalılar isə çox güman ki, qış və digər mövsümlərdə daha çox günəşli havaya can atırlar. Buna görə də turizmə investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə çox cəlbedici etmək üçün böyük potensial mövcuddur. Lakin bunun üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz olmalıdır. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməliyik və bu, bizim münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və mənim bu səfərim buna çox vacib bir töhfədir. Çox sağ olun.

x x x

Sonra biznes forum işini müzakirələrlə davam etdirib.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

 

 

 

********

İyulun 17-də Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

Sonra dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.

Latviya Prezidenti Raymonds Veyonisin 
çıxışı

- Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər, xanımlar və cənablar.

Bu axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlamaqdan şərəf duyuram.

Hörmətli cənab Prezident, Sizin Latviyaya səfəriniz qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ölkələrimiz arasındakı yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində birgə səylərimizin təzahürüdür.

Fürsətdən istifadə edərək, 2017-ci ilin mart ayında Bakıda Latviya nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu illər ərzində mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam və Sizin qonaqpərvərliyiniz bizi heyran etməkdə davam edir. Həmin illər ərzində mən Azərbaycanın dinamik inkişafının şahidi olmuşam.

Latviya ilə Azərbaycan arasındakı əməkdaşlıq bənzər talelər və hər iki xalqın sınaqdan keçdiyi çətin dönəmlər kimi tarixi bağlara əsaslanır. 1918-ci il Azərbaycanın və Latviyanın müstəqilliyə qovuşduğu il olmuşdur. Gələn il biz hər iki ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyik. O zaman Azərbaycan cəmi iki il müstəqil yaşamışdır, lakin ölkəniz İslam dünyasının ilk parlamentli respublikası olmuşdur.

Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır. Latviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu səfər çərçivəsində Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamənin imzalanmasını məmnunluqla qeyd edirik.

Əminəm ki, bizim müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində birgə marağımız var. Dövlət başçıları, parlament, hökumət, bələdiyyə və digər dövlət qurumları arasında sıx əməkdaşlıq qurulmuşdur. Parlamentlər arasında fəal əməkdaşlığı qeyd etmək, yerli hakimiyyət orqanları arasında artmaqda olan təmasları xüsusi vurğulamaq istərdim. Latviyanın və Azərbaycanın yerli hakimiyyət orqanları arasında 13 əməkdaşlıq sazişi imzalanmışdır.

Ümidvaram ki, Sizin səfəriniz çərçivəsində təşkil olunmuş biznes forum və Hökumətlərarası Komissiyanın iyun ayında keçirilmiş iclası iqtisadi əməkdaşlığın və qarşılıqlı ticarətin artmasına səbəb olacaq yeni layihələrin yaranmasına xidmət edəcəkdir. Coğrafi məsafəyə baxmayaraq, Latviyanın və Azərbaycanın paytaxtlarını mövsümi uçuşlar birləşdirir və həmin uçuşların müntəzəm olması üçün potensialımız var. Latviya Azərbaycan ilə nəqliyyat sahəsində, xüsusilə də beynəlxalq “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsi çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Fəal siyasi və iqtisadi münasibətləri, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və rəğbəti məmnunluqla qeyd edirik. Ölkəmizdə müxtəlif mədəni və ictimai tədbirlər təşkil edən və Latviya Respublikasına sadiq olan azərbaycanlı icmanın fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Ali təhsil sahəsində əməkdaşlığımız və hər il Azərbaycandan olan 150 tələbənin Latviyanın ali təhsil ocaqlarında təhsil alması sevindirici haldır. Əminik ki, səfər çərçivəsində imzalanmış əməkdaşlıq sazişi bu sahədə yeni əməkdaşlıq imkanlarını yaradacaqdır.

Hörmətli cənab Prezident, Latviyanın Avropa İttifaqına və NATO-ya üzv olması ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu təşkilatlara üzv olmaq üçün Latviya müasir, demokratik və firavan dövlət yaratmaq məqsədilə əsaslı islahatlar həyata keçirmişdir. Bu sahədə təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq.

Latviya hər zaman Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini dəstəkləmişdir. Biz iqtisadiyyat, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində imkanlar açacaq yeni Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq sazişi ilə bağlı danışıqları alqışlayırıq.

Azərbaycanın enerji sahəsində Avropa İttifaqının mühüm tərəfdaşı olması faktını xüsusi vurğulamaq istərdim. Latviya Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki rolunu və Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi sahəsinə yatırdığı sərmayələri yüksək qiymətləndirir.

Hörmətli qonaqlar, gündəliyimizin fəal və işgüzar xarakteri əməkdaşlıqla bağlı hər iki tərəfin səmimi marağını təsdiq edir. Əminəm ki, bu səfər Latviya və Azərbaycan arasında münasibətləri fəallaşdıracaq və onlara güclü təkan verəcəkdir.

Xalqlarımızı sülh və harmoniyada yaşamaq, dostluq və əməkdaşlıq etmək arzusu birləşdirir. Ölkələrimiz arasındakı dostluğun və ikitərəfli əməkdaşlığın uğurlu inkişafı bu arzuya xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 
çıxışı

-Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Zəngin tarixi və mədəniyyəti ilə seçilən dost ölkənizə yenidən səfər etməyimdən çox məmnunam. Sizinlə cari ilin mart ayında V Qlobal Bakı Forumu çərçivəsində keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri yeni yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh Konfransına müraciət ünvanladılar. Bir il sonra isə Azərbaycan parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etdi.

Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıldı. Ölkələrimiz bu illərdə böyük uğurlar qazanıb, xalqlarımız isə sabitlik və təhlükəsizlik şəraitində rahat yaşayırlar.

Bu gün ölkələrimiz arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcəkdir.

Humanitar əlaqələrimizin də zəngin tarixi vardır. İyirminci əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Bu cəmiyyət 2013-cü ildən fəaliyyətini bərpa etmişdir. Məşhur latış yazıçılar Ernest Birznieks-Upitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, Bakı Opera Teatrının dirijoru, bəstəkar Yazeps Medinş, memar Ervins Paumbats və başqaları Azərbaycanda yaşayıb yaratmışlar.

Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələri mövcuddur. Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə start verdik.

Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır.

Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi – tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu ədalətli mövqeyə görə Sizə minnətdaram.

Hörmətli cənab Prezident, Latviyada olmağımdan bir daha məmnunluğumu bildirirəm. Əminəm ki, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlıq uğurla inkişaf edəcək.

 

 

 

Scroll to top