Prezident İlham Əliyev Şəmkirdə

prez

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.

 

*****

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mühüm yol-nəqliyyat layihələri reallaşdırılır. Bu yollardan biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yoludur.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bu yolun tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

Bildirildi ki, layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib. İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

****

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Tarix-Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma və təmir işlərinə 2015-ci ilin aprelində başlanılıb. Bu işlər ötən ilin noyabrında başa çatdırılıb. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə məlumatlar var.

Prezident İlham Əliyev yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə və eksponatlarla tanış oldu.

Bildirildi ki, muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.

Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.

******

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.

Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

******

Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev Logistika Mərkəzini işə saldı.

Məlumat verildi ki, ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.

Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və mətbəx də var.

Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.

Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan “determing room” qurğusu da var. Mərkəzdə, eyni zamanda, İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur. Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq.

Dövlətimizin başçısına aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində görülən işlər barədə də məlumat verildi. İri taxılçılıq, bitkiçilık və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib. Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait ayrılıb. Aqropark üçün “New Holland” markalı 10 müasir traktor, 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlığı lizinq yolu ilə alınıb, ümumi tutumu 15 milyon kubmetr olan 3 sututar inşa edilib, sahəsi 2016 kvadratmetrə çatan anbar yaradılıb. Ərazidə böyük gücə malik elektrik yarımstansiyası və 6 transformator quraşdırılıb, ümumilikdə 35 kilometr uzunluğunda elektrik xətti çəkilib. İki üzən ponton üzərində 3 yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma aqreqatı və avadanlığı quraşdırılıb. Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14 min ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.

“Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Burada sahəsi 260 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli ofis binası tikilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2000 hektar, 2018-ci ildə 1600 hektar olmaqla, ümumilikdə, 4600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3 min hektar pivotaltı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3 min hektarda qarğıdalı əkilməsi və 30 min ton məhsul götürülməsi nəzərdə tutulur. İntensiv bağçılığın yaradılması məqsədilə isə 2400 hektarda damcılı suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36 min ton məhsul istehsalı gözlənilir. Pivotaltı sahəyə qarşıdakı illərdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30 min tonluq taxıl anbarı kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kameranın yaradılması nəzərdə tutulur. Səkkiz min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təsərrüfatı texnika və avadanlığının alınması da planlaşdırılır. Nəticədə 5 min daimi, 1500 mövsümü iş yeri yaradılacaq. “Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.

Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.

Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsərrüfatının ümumi daxili məhsulda pay nisbətini artırmağa, əhalini yerli keyfiyyətli məhsullarla təmin etməyə yönəlib.

Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müvafiq strukturları fəaliyyət göstərəcək.

“Şəmkir Aqroparkı”nın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, saatda buraxılış gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti, 48 portluq 22 kilometr fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin inşası da layihələndirilir.

Diqqətə çatdırıldı ki, “Şəmkir Aqropark”nın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda mərkəzdə 179 nəfər çalışır. Orta aylıq əməkhaqqı 600 manatdır. Bu ərazidə 2-ci mərhələdə müasir istixana kompleksi, şitilçiklik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, aqroservis və satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq.

Sonda dövlətimizin başçısı aqroparkda və Logistika Mərkəzində yaradılan imkanlardan daha səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Scroll to top