Prezident İlham Əliyev Astaraya səfər edib-YENİLƏNİB

asss

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə Astara şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlətimizin başçısına məlumat verdi ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Parkda istirahət üçün hərtərəfli şərait yaradılmışdır.

 


astaraaa

İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Həkim Aytən Şiriyeva tibb ocağının müasir tələblər səviyyəsində istifadəyə verilməsinə və bütövlükdə Astaranın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə rayon sakinlərinin minnətdarlığını çatdırdı.

Sonra xatirə şəkli çəkdirildi.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın yerləşdiyi ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Burada müasir infrastruktur formalaşdırılmışdır. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, uşaq bölməsi, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.


elcinn

İlham Əliyev “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin xidməti binalar kompleksinin açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ali Baş Komandana məlumat verdi ki, yeni şəhərciyin ərazisi 5 hektara yaxındır. Buradakı səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil vardır. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılmışdır. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da vardır.

Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etdi.

Burada 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan “Astara” sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilmişdir. “Astara” sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.


astr

İlham Əliyev Astarada Boks Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Gilan İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzin tikintisinə cari ilin fevralında başlanmış və avqustunda yekunlaşdırılmışdır. İdman qurğusunun ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Süni örtüklü yeni açıq mini futbol meydançası yaradılmışdır. Meydançanın işıqlandırma sistemi də müasirliyi ilə seçilir.

Diqqətə çatdırıldı ki, ikimərtəbəli binanın birinci mərtəbəsində işçilər üçün hərtərəfli şəraiti olan otaqlar da vardır. Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına verilmişdir. Mərkəzdə məşqlər üçün hər cür şərait yaradılmışdır. Binanın infrastrukturu da müasir standartlara cavab verir.


astaa

İlham Əliyev Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak etmişdir

İlham Əliyev Astara rayonuna səfəri çərçivəsində Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışında da iştirak etmişdir.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2013-cü il 15 iyul tarixli müvafiq Sərəncam ilə Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının inşasına 3,3 milyon manat vəsait ayrılmışdır. Ümumi smeta dəyəri 2 milyon 680 manat olan Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun tikintisinə cari ilin aprelində başlanmış və bu günlərdə başa çatdırılmışdır. Yolun uzunluğu 13,5 kilometr, asfalt örtüklü hərəkət hissəsinin eni isə 6 metrdir. Yol boyunca 1 körpü və 20 su ötürücüsü tikilmişdir.

Bildirildi ki, Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolu 24 min nəfər əhalisi olan 17 yaşayış məntəqəsini əhatə edir.
Yeni yolla tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.