Prezident İlham Əliyev avqustun 29-da Ağcəbədi rayonunda səfərdə olub

prezident1

İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq Ağcabədi rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev meydanı tamamilə yenidən qurulmuşdur. Burada abadlıq işləri aparılmış, 6,7 min kvadratmetr əraziyə dekorativ plitələr döşənmiş, qarşı hissədəki hasar milli memarlıq üslubunda tikilmişdir. İşıqlandırma sistemi də müasir standartlara uyğun yenidən qurulmuşdur.

 


İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. İnzibati bina ümumilikdə on otaq, konfrans və iclas salonlarından ibarətdir. Bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait vardır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmışdır.


İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.

Yeni xəstəxananın istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev burada ən müasir tibbi avadanlığın quraşdırıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, mövcud şərait bu xəstəxanada yüksək səviyyəli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir.

Həkim Nuranə Qəribova tibb sahəsinə, bütövlükdə ölkə əhalisinin sağlamlığına göstərdiyi diqqət və qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir.

Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcəkdir.

 


İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağcabədidə Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır.

Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, kafe fəaliyyət göstərəcəkdir. Mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır.

 

 


İlham Əliyev Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilmişdir. Üç min başlıq iribuynuzlu heyvandarlıq kompleksi ən müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 40 baş inək tutumlu karusel tipli sağım avadanlığı, soyutma sistemləri və s. ilə təchiz edilmişdir.

Müəssisənin hazır məhsullarına baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gələcəkdə “Atena” zavodu Fransanın “Danone” şirkəti ilə birgə süd məhsulları istehsal edəcəkdir.

Elektromobillə müəssisənin ərazisini gəzən dövlətimizin başçısına keçi təsərrüfatı barədə də məlumat verildi. Bildirildi ki, 8 ferma, sağım və yem sexindən ibarət olacaq 2 min başlıq cins damazlıq keçi təsərrüfatında artıq 6 ferma istifadəyə verilmişdir.

Azərbaycan Prezidentinə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan özəl pilot taxılçılıq təsərrüfatının əvvəlki və hazırkı vəziyyətini əks etdirən stendlər də təqdim olundu.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Yüksək reproduksiyalı toxumlardan və yeni intensiv əkin metodlarından istifadə etməklə yetişdirilmiş buğda sahələrində biçin başa çatmışdır. Hər hektardan 55 sentnerədək məhsul götürülmüşdür.