Prezident İlham Əliyev avqustun 29-da Saatlı rayonunda səfərdə olub

SAATLI

İlham Əliyev Saatlı rayonuna gəlmişdir

Prezident İlham Əliyev Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır.

Ümumi sahəsi 5,6 hektar olan parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

 


 

saatli1

İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir.

Son illər ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Bu proses Saatlı rayonunda da geniş vüsət almışdır. Rayonun Qarayevkənd-Sımadakənd yerli əhəmiyyətli avtomobil yolu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuşdur.

Dövlət başçısı avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Bildirildi ki, uzun müddət təmir işləri aparılmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 16 iyul tarixli Sərəncamına əsasən 44 min nəfərin yaşadığı 17 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırmışdır. Yenidən qurulan bu yol regionlara olan diqqəti nümayiş etdirir və ölkədə həyata keçirilən sosial siyasətin bütün bölgələri əhatə etdiyini göstərir.

Qeyd edildi ki, yolun layihə-smeta sənədləri “Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmışdır.

Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir. Hazırda yolun 11 kilometrlik hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində qurulan avtomobil yolunda 22 su keçidi tikilmiş, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur. Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri basdırılmışdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.


saaİlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılmışdır. Kompleksin tikintisi məqsədi ilə “Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılmışdır. Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Dövlət başçısı kompleksin üzgüçülük zalı ilə tanış oldu.

Bildirildi ki, burada Türkiyə istehsalı olan hovuz sistemi və “Gonka Klima” markalı xüsusi nəmalma qurğusu quraşdırılmışdır. İki yüz yerlik zalda iki soyunub-geyinmə, duş otaqları vardır. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Hər kottec dörd nömrədən ibarətdir.

Olimpiya İdman Kompleksinin ümumi zalının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Qeyd olundu ki, kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri “Sosial İnkişaf Lahiyə” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hazırlanmışdır. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadratmetr olan universal idman zalında 432 oturacaq vardır. Eyni zamanda, 400 tamaşaçı yarışları lojalardan izləyə biləcəkdir. Burada idmançılar üçün iki soyunub-geyinmə, məşqçi və digər yardımçı otaqlar yerləşir. İnzibati hissənin birinci mərtəbəsində geniş vestibül, informasiya mərkəzi, məlumat-qeydiyyat hissəsi, istirahət otağı yerləşir. İkinci mərtəbədə trenajor zalı, kafe, müdiriyyət və işçi otaqları, konfrans zalı və güləş zalı vardır. Bu ilin sonunadək 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaqdır.

Olimpiya İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Saatlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri və idmançılar adından çıxış edən Nərimankənd orta məktəbinin məşqçi–müəllimi Xəyal Əhmədov Azərbaycan idmanının inkişafına, həmçinin Saatlı rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.

Sonda xatirə şəkili çəkdirildi.


SAAT5

İlham Əliyev Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olmuşdur.

Məlumat verildi ki, Bayraq Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən “Şəhidlər” və 31 Mart – Azərbaycanlıların Soyqırımı abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla iki hektar sahəni əhatə edir. Bayraq Meydanının inşasına bu il mayın 10-da başlanılmış, qısa zamanda başa çatdırılmışdır.

Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, uzunluğu 24, eni 12 metr olan dövlət bayrağı asılmışdır. Kompleksin ərazisində qurulan iki metr hündürlüyündəki dörd postamentin üzərində Azərbaycanın metaldan tökülən xəritəsi, dövlət gerbi, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyi barədə sözləri və Azərbaycanın dövlət himninin mətni həkk olunmuşdur. Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş hasarlar, eləcə də tağşəkilli hasarlar hörülmüşdür. Üç qədim qala qapısı da meydana xüsusi gözəllik verir. Meydanda orta əsrlər Azərbaycan əsgərinin tökmə materiallardan beş heykəli yaradılmışdır. Heykəllərdən üçü qala divarları üzərində, ikisi isə meydan ərazisində qoyulmuşdur.

Bildirildi ki, Bayraq Meydanının ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, iki fəvvarə quraşdırılmışdır.

Prezident İlham Əliyev Bayraq Meydanının ərazisində yaradılan Bayraq Muzeyi ilə də tanış oldu.

Ümumi sahəsi 124 kvadratmetr olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan ibarətdir. Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. Digər bölmədə Dədə Qorqud, Aristotel, Şah İsmayıl Xətai, Şeyx Məhəmməd Xiyabani, Hüseyn Cavid və Mikayıl Müşfiqin dövlət, dövlətçilik, bayraq haqqında kəlamları yer almışdır. Papirus formasında açılmış 5 hissədən ibarət bölmədə Azərbaycanda mövcud olmuş tarixi dövlətlər və onların rəhbərləri, dünya mədəniyyətinin inkişafına töhfə vermiş və beynəlxalq miqyasda tanınan mədəniyyət və incəsənət xadimlərimiz, ziyalılarımız, Azərbaycan xanları, Azərbaycan Xalq Cümhuriyyətinin generallarının rəsmləri yer almışdır. Ulu öndər Heydər Əliyevə həsr olunan bölmə isə “İstiqlal! Tam və mütləq Qələbə” adlanır. Muzeyin divarlarında, həmçinin ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizlə bağlı tarixi kəlamları, bayraq haqqında dediyi sözlər həkk edilmişdir.

Muzeyin sərgi otağında Azərbaycanın dövlətçilik tarixində və mədəniyyətində mühüm rol oynayan dahilərin, mütəfəkkirlərin, şairlərin də daxil olduğu 27 rəsm əsəri yağlı boya ilə divar üzərində işlənmişdir. Muzeydə, həmçinin 1918-1991-ci illərdə istifadə olunan Azərbaycan bayraqları, müstəqil Azərbaycanın ordenləri və onlar haqqında məlumatları əks etdirən lövhə də vardır. Numizmatika bölməsində isə eramızdan əvvəl III əsrdən başlayaraq xanlıqlar dövrünə aid qədim sikkələr, XIX və XX əsrin nadir eksponatları, Səfəvi dövləti, Gəncə və Qarabağ xanlıqlarının bayraq ucluqları, XIX əsrə aid şəhərlərin gerbləri nümayiş olunur. Azərbaycan ərazisində mövcud olan qədim dövlətləri və eləcə də xanlıqlar dövrünün bayraqları muzeyin sərgi otağına xüsusi yaraşıq verir.

Bayraq Meydanı və muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini verdi.