Prezident İlham Əliyevin Ağcəbədi rayonu haqqında sərəncamı

Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. İyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5,0 (beş) milyon manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2013-cü il.

 


Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində son on ildə ölkənin bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunun da sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən 205 çarpayılıq Mərkəzi rayon Xəstəxanası, “Qarabağ” Muğam Mərkəzi, Şahmat məktəbi, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, iri kənd təsərrüfatı, sənaye müəssisələri yaradılmış, 22 mindən çox yeni iş yerləri açılmış, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Ağcabədi şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2013-cü il.