Prezident İlham Əliyevin ilk səfərləri “Bizim Planet”də

Azərbaycan ərazilərinin işğalı strateji zəmində Ermənistanın məğlubiyyətini və uçuruma yuvarlanmasını təmin etmiş oldu. Ermənistanda baş verən ictimai-siyasi hadisələr onu göstərir ki, bu ölkəni xilas edə biləcək yeganə məsələ onun həyata keçirtdiyi işğalçılıq siyasətindən əl çəkməsi ola bilər. Bu fikirlər AzTv-nin “Bizim Planet” verilişində səsləndirilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi “Bizim Planet” verilişində Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev və Siyasi elmlər doktoru, ADA Universiteti Xəzər Enerji Mərkəzinin direktoru Elnur Soltanov iştirak edirdi.

Həftə ərzində baş verən mühüm siyasi hadisələrin müzakirə olunduğu analitik verilişdə ilk növbədə Prezident İlham Əliyevin inaqurasiya mərasimindən sonra Türkiyəyə olan rəsmi səfəri barəsində müzakirələr aparılıb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, prezident seçkilərindən dərhal sonra İlham Əliyevin Türkiyəyə səfər etməsi iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını əks etdirir. Politoloq vuğulayıb ki, hər iki prezidentin qeyd etdiyi kimi Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir, ən yaxın müttəfiqlərdir. Rufiz Qonaqov bildirib ki, burada baş tutan mühüm görüşlər, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası, keçirilən brifinqlər, qəbul olunan birgə bəyanat mühüm əhəmiyyət kəsb edir.

Mövzuya münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı və layiqli tərəfdaş kimi qəbul edilir. “Türkiyə ilə Azərbaycan arasında bu münasibətlər formalaşmış protokol ənənsini, hətta Azərbaycan Türkiyə əlaqələrini xarakterik edən iki xalqın, iki dövlətin bir-birinə olan qarşılıqlı etmadının ifadəsidir. Rəsmi statusda həyata keçirilən bu səfər çərçivəsində müxtəlif sahələrdə Azərbaycan Türkiyə əməkdaşlığı kompleks şəkildə nəzərdən keçildi. İki ölkə arasında əlaqələr o qədər müfəssəl və geniş xarakter daşıyır ki, məhz bu zərurətdən irəli gələn Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb.

Siyasi şərhçilər qeyd ediblər ki, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu siyasi dialoq regional əməkdaşlıq, regional sülh və təhlükəsizlik kimi qiymətləndirilib. Azərbaycanla Türkiyə arasında həyata keçirilən mühüm enerji layihələrinin tarixi əhəmiyyətindən danışılıb. Bu layihələrin region və Avropa ölkələrinin enerji təminatçısı rolunu daşıdığı qeyd olunub. Verilişdə xüsusi vurğulanıb ki, qəbul edilən birgə bəyanatda toxunulan mövzular arasında Türkiyənin ərazi bütövlüyü naminə bölgədə həyata keçirtdiyi PKK və İŞİD ilə bağlı hərbi mübarizədə Azərbaycan hər zaman qardaş ölkənin yanında olub. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyə Cumhuriyyəti özünün birmənalı və qəti mövqeyində dayanıb. Yeni bir inkişaf mərhələsinin əsasını qoyan bu səfərdən sonra gələcəkdə də müxtəlif sahələr üzrə mühüm layihələrə imza atılacağı vurğulanıb.

“Bizim Planet” verilişində qeyd edilib ki, prezident İlham Əliyevin Türkiyədən sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü baş tutub. Bildirilib ki, görüş zamanı mühüm məsələlər müzakirə olunub. Vurğulanıb ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Görüşlə bağlı müzakirələr aparan siyasi şərhçilər qeyd ediblər ki, Avropanın ən böyük dövlətləri Azərbaycanla əlaqələrdə və əməkdaşlıqda maraqlıdır. Bildirilib ki, siaysi, iqtisadi və mədəni sahələrdə inkişaf edən Azərbaycan Böyük Britaniya əlaqələri uğurlu enerji strategiyasına əsaslanır. Azərbaycanla BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlıq məsələlərinə ADA Universiteti Xəzər Enerji Mərkəzinin direktoru Elnur Soltanov geniş münasibət bildirib. Siyasi elmlər doktoru qeyd edib ki, hələ müstəqillik illərində BP-nin Azərbaycana gəlişi lazım olan siyasi dəstəyi də bərabərində gətirdi. BP və digər şirkətlərlə həyata keçirlən enerji layihələri Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas faktordur.

Verilişdə aparılan diskussiyalardan biri də son günlər Ermənistan daxilində hökm sürən siyasi böhranla bağlı idi. Düşmən ölkə ərazisində geniş yayılan siyasi etiraz dalğası hökumət- xalq qarşıdurmasının pik nöqtəsini bəlli edib. Xalqı zorla itaətdə saxlamaqla hakimiyyəti zəbt edən və cinayətkar rejimin başında duran Serj Sarkisyanın istehfa verməsi Ermənistan dövlətinin illərdir davam edən zəifliyinin son nöqtəsi kimi qiymətləndirilib. Qarşısı nə qədər alınmağa çalışılsa belə, cana doymuş xalqın etiraz aksiyası səngimək bilmir. Vurğulanıb ki, Ermənistan hakimiyyəti bu cür vəziyyətdə belə Dağlıq Qarabağ kartı üzərindən hələ də öz xoflarından əl çəkmirlər. Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan indiki halda belə orada hər hansı hərbi əməliyyatla Ermənistan daxilindəki problemləri özünə çəkmək kimi bir qəflət içində ola bilməz. Nəzəri olaraq belə Ermənistan tərəfinin bunu iddia etməsi absurtdur. Bununla yanaşı Ermənistan dövləti dərk etməlidir ki, mövcud cinayətkar rejim və işğalçılıq prinsipləri ilə var olmaq mümkün deyil.

Qeyd olunub ki,Ermənistanda baş verən ictimai-siyasi hadisələr onu göstərir ki, bu ölkəni xilas edə biləcək yeganə məsələ onun həyata keçirtdiyi işğalçılıq siyasətindən əl çəkməsi ola bilər. Bildirilib ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı bütün regional layihələrdən təcrid edib. Bu rejimin taktiki zəmində əldə etdiyi Azərbaycan ərazilərinin işğalı strateji zəmində Ermənistanın məğlubiyyətini və uçuruma yuvarlanmasını təmin etmiş oldu. Nəticə etibari ilə ermənilər dərk edirlər ki, bu məsələ taktiki məsələ deyil, bunun təməlində dayanan problem işğal problemidir. Bu işğalı Ermənistan birbaşa davam etdirə bilmədiyindən hər hansı bir ölkənin vassalına çevrilir.Həmin hadisələr çözülmədən daxildə baş verən problemlər həll olunmayacaq.

Bildirilib ki, ermənistanda davam etməkdə olan aksiyalarının əksinə Azərbaycanda bu gün çox yüksək səviyyəli xalq-iqtidar birliyi mövcuddur. İctimai-siyasi sabitlik ətrafında baş verən daxili və xarici siyasətin uğurları Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan edir. Qeyd edilib ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərə, dünya əhəmiyyətli nüfuzlu yarışlara ev sahibliyi edir. Həftə ərzində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi avtomobil idmanı həvəskarları və ölkəmizə gələn turistlər tərəfindən böyük maraqla izlənilib. Vurğulanıb ki, dünyanın nüfuzlu KİV-nin yaxından yayımladığı Formula 1 Azərbaycan Qran-Prisi eyni zamanda, Bakının qədimliyi və müasirliyi özündə birləşdirən şəhər kimi tanıdılmasında əhəmiyyətli rol oynayıb.

“Bizim Planet”də müzakirə olana məsələlərdən biri də AŞPA-nın Azərbaycanla bağlı irəli sürdüyü “korrupsiya hesabatı” idi. Bildirilib ki, AŞPA-nın “korrupsiya hesabatı” qeyri-obyektiv və qərəzlidir. Ayrı-ayrı deputatların fərziyə, ehtimal və gümanları ilə ölkəmizə qarşı səsləndirilən fikirlər ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Qeyd olunub ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcəkdir.